6-cı Rəbb günü Adi dövrdə “B”ili

Levililər 13, 1-2. 45-46

Rəbb Musaya və Haruna dedi: «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam ağzını örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. 

Z 32, 1-2. 5. 11

Nəqarat: Sığınacaq yerim Sənsən, məni dardan hifz edirsən. Zəfər harayı ilə ətrafımda dövr edirsən.

Asiliyi bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır!

Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır!

Sonra Sənə günahımı etiraf etdim, təqsirlərimi gizlətmədim.

Dedim: «Rəbbə asiliyimi etiraf edirəm». Təqsirimi, günahımı bağışladın.


Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin!

Ey ürəyidüz olanlar, Onu mədh edin!

1 Kor 10, 31 – 11, 1

Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxların xeyri üçün edirəm ki, onlar da xilas olsun. Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.

Mk 1, 40-45

Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: “Əgər istəsən, məni pak edə bilərsən”. İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, pak ol!” Dərhal o adam cüzamdan sağalıb pak oldu, İsa ciddi xəbərdarlıq edən an onu yola saldı. Ona belə dedi: “Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Cüzamdan paklanmağın hər kəsə şəhadət olsun deyə, Musanın əmrlərinə əsasən təqdimlər apar”. Lakin o çıxıb bu barədə çox danışdı və bu sözü hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, ancaq kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

Comments are closed.