Kül çərşənbəsi

Yoel 2, 12-18 

Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla bütün qəlbinizlə Mənə dönün.

Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, hədsiz səbirlidir, bol məhəbbətlidir, bəla göndərməz, rəhm edər. Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və maye təqdimlərini verəsiniz deyə sizə bərəkət verər. 

Sionda şeypur çalın, oruc üçün vaxt təyin edin, təntənəli toplantı çağırın. Xalqı bir yerə yığın, camaatı təqdis edin, ağsaqqalları yığın, uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, gəlin də öz gərdəyindən çıxsın. Rəbbə xidmət edən kahinlər məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”»

O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.

Z 51, 1-2. 3-4. 10-11. 12-13. 14+17

Nəqarat: Allah, bizə lütf et, çünki günah işlətmişik.

Məhəbbətin naminə, ey Allah, mənə lütf et, bol mərhəmətinə görə asiliklərimi sil.

Mənim bütün təqsirlərimi yu, günahımdan təmizlə.

Çünki asiliklərimi bilirəm, günahım daim gözümün qarşısındadır.

Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, gözündə pis sayılanı etmişəm.

Mənə görə çıxarılan hökmündə ədalətlisən, məni məhkum etməkdə haqlısan.

Mən doğulandan bəri günahkaram, ana bətnindən belə, təqsirkaram.

Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver.

Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.

Xilasının sevincini mənə qaytar, itaətkarlıq ruhu verib mənə dayaq ol.

Ey Xudavənd, Sən dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan edim.


2 Kor 5, 20 – 6, 2

Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, Onda biz Allahın salehliyinə nail olaq. Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.

Mt 6, 1-6. 16-18

Ehtiyatlı olun, özünüzü insanlara göstərmək üçün yaxşılıq etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. Ona görə də sədəqə verdiyin zaman öz önündə car çəkmə. Çünki ikiüzlülər insanların onları tərifləməsi üçün sinaqoqlarda və küçələrdə belə edirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlidə olanı görən Atan səni mükafatlandıracaq. Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Çünki belələri insanlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən dua etdiyin zaman öz otağına girib qapını ört. Gizlində olan Atana dua et. Gizlində etdiyin duanı görən Atan səni mükafatlandıracaq. Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən oruc tutduğun zaman başına yağ sürt və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

Comments are closed.