1-ci Rəbb günü Oruc dövründə “B” ili

Yaradılış 9, 8-15 

Allah Nuha və yanında olan oğullarına dedi: «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. 

Z 25, 4-5b. 6+7bc. 8-9

Nəqarat: Ya Rəbb, mərhəmət və sədaqət yollarındır.

Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən.

Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
Məni məhəbbətin naminə, ya Rəbb, xeyirxahlığına görə yada sal!

Rəbb xeyirxah və haqdır, ona görə günahkara düz yol göstərir.
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.

1 Pt 3, 18-22

Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur. O ruhən gedib zindandakı ruhlara da vəz etdi. Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.

Mk 1, 12-15

Ruh dərhal İsanı səhraya çəkib-apardı. O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi: «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

Comments are closed.