2-ci Rəbb günü Oruc dövründə “B” ili

Yaradılış 22, 1-2. 9a. 10-13. 15-18 

Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O, «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. Allah dedi: «Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü. Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. 

Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin». İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

Z 116, 10+15. 16-17. 18-19

Nəqarat: Rəbbin hüzurunda gəzib-dolanıram, dirilər arasındayam.

«Mən çox əzab çəkirəm» deyərkən inamımı itirməmişdim.

Rəbbin gözündə hər bir möminin ölümü çox bahadır.

Aman, ya Rəbb, mən Sənin qulunam, qulunam, kənizinin oğluyam.

Buxovlarımı açmısan. Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.

Rəbbə Onun bütün xalqı qarşısında əhd etdiyim təqdimləri verəcəyəm.

Rəbbin evinin həyətində, ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin!

Rom 8, 31b-34

Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə bəxş etməyəcəkmi? Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.

Mk 9, 2-10

Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında İsanın görünüşü dəyişdi. Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi. O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.

Peter sözə başlayıb İsaya dedi: “Rabbi! Nə yaxşı ki, biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün”. O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü. Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: “Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!” Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa heç kəsi görmədilər. Dağdan enərkən İsa şagirdlərinə tapşırdı ki, Bəşər Oğlu ölülərdən dirilmədən orada gördüklərini heç kəsə deməsinlər. Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülərdən dirilmək nə deməkdir.

Comments are closed.