MÜQƏDDƏS ŞƏNBƏ GÜNÜ. PASXA ƏRƏFƏSİ

Image result for good friday

1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2)

Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 

Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.

Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi. Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.

Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.

Məzmur (104{103}1-2,5-6,10,12,13f-14,24,35)

Rəbbim, göylər və yer üzü sevginlə doludur!

Dua

İnsanı yaradaraq möcüzə göstərən və daha da böyük bir möcüzə olaraq onu xilas edən uca Allah, Sənə yalvarırıq: Müqəddəs Ruhun qüdrəti ilə günaha qarşı savaşa bilməyimiz və beləcə əbədi xoşbəxtliyə çata bilməyimiz üçün bizlərə yardım et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

2. Oxunuş: Atamız İbrahimin qurbanı. (Yaradılış 22, 1-18)

Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi.

Allah dedi: «Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».

İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı.

İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü.

O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq».

İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. Onlar birlikdə getdilər.

İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?»

İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.

Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu.

İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü.

Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi.

Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin».

İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi.

İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».

Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi:

«Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə

Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.

Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

Məzmur (16{15}1.5.8-11)

Qoru məni, Allahım, çünki, yeganə ümidim sənsən!

Dua

Sonsuz sevginlə insanları öz övladların kimi qəbul edərək iman edənlərin sayısını artıran, İbrahimə vəd etdiyin kimi Oğlunun dirilişi ilə onu bütün iman edənlərin atası edən uca Allah, millətinin sənin sözlərinə sadiq qalmasına kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

3. Oxunuş: İsrail oğullarının Qırmızı Dənizi keçməsi. (Çıxış 14{13}15-31. 15, 1-18)

Rəbbi öyək. Onun zəfəri böyükdür!

Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları quru yerdən dənizin ortasından keçsinlər.

Mən misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm.

Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman misirlilər biləcəklər ki, Rəbb Mənəm».

İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları quru yerdən dənizin ortasından keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.

Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər.

Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıq saldı.

O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdilər. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». Rəbb Musaya belə dedi: «əlini dənizin üzərinə uzat ki, sular misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın».

Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı.

Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı.

İsrail övladları isə dənizin ortasından quru yerdə yeriyərək keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu.

Məhz o gün Rəbb İsraili misirlilərin əlindən xilas etdi. İsrail xalqı misirliləri dənizin sahilində ölü gördü. İsrail xalqı Rəbbin misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi. O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular:

İlahi (Çıxış 14(13) 15-31. 15,1-18 )

Dua

Allahım, əvvəl etdiyin möcüzələri yenidən görürük. Əvvəl yalnız bir milləti Misirlilərin əsarətindən qurtardın, indi isə, onları vəftizin suları ilə yeni bir həyata qovuşduraraq bütün insanları xilas edirsən. Həqiqətən, bütün insanların imana qovuşub sənin övladların olma şərəfinə çata bilməsinə kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

4. Oxunuş: Allah sevgidir. Bu həqiqəti, peyğəmbər Yeşaya İsrail xalqına danışmış və bu gün də bizə bildirməkdədir. (Yeşaya 54,5-14).

Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin müqəddəsidir, O, bütün dünyanın Allahı adlanır. Allahın deyir: «Rəbb səni çağırır atılmış və ruhu əzilmiş, gənc yaşında ərə getmiş, sonra isə rədd olunmuş bir qadın kimi.

Bir anlığa səni tərk etdim, amma böyük rəhmlə geri qəbul edəcəyəm.

Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.

«Bu, mənim üçün sanki Nuhun dövrdə baş verən daşqındır, Nuhun dövrdəki daşqın suları bir daha yer üzünü örtməyəcəyi haqda necə and içmişdimsə, indi də and içirəm ki, Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.

Dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir. «Ey tufana düşmüş, təsəlli tapmamış yazıq şəhər! Sənin daşlarını əqiqlərlə, təməlini göy yaqutlarla qoyacağam.

Qüllələrini yaqutdan, darvazalarını ləl-cavahirdən, divarlarını qiymətli daşlardan hörəcəyəm.

Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq.

Salehliyində möhkəmlənəcəksən, zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.

Məzmur (30{29}2.4-26.1-13)

Səni ucaldaram, ey Rəbbim, çünki məni xilas etdin.

Dua

Əbədi və hər şeyə qadir Allah, adının ucalığı üçün imanları sayəsində atalarımıza vəd etdiyin kimi sənə iman edəcək övladlarının sayını artır. Peyğəmbərlərin gerçəkliyindən heç bir zaman şübhə etmədikləri sözlərinin yerinə yetirilməsinə kömək et. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

5. Oxunuş: Rəbbi axtarın və Ona güvənin. (Yeşaya 55, 1-11)

Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz-parasız alın!

Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.

Qulaq asın, Mənim yanıma gəlin, dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.

Budur, onu ümmətlərə şahid, başçı və hökmdar etdim.

Tanımadığınız millətləri çağıracaqsınız. Allahınız Rəbbə görə, İsrailin müqəddəsindən ötrü, sizi tanımayan millətlər qoşa-qoşa yanınıza gələcək. Çünki Rəbb sizi ucaltdı. Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın.

Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur.

«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir.

«Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.

Necə göydən yağan yağış və qar torpağı sulamadan, yeri məhsuldar edib əkin bitirmədən, əkinçiyə toxum, yeyənə çörək vermədən göylərə qayıtmırsa, ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.

İlahi (Yeşaya 12{11}2-3)

Nəşə ilə qurtuluş qaynaqlarından su içəcəksiniz.

Dua

Bu gün, gərçəkləşən qurtuluşumuzu peyğəmbərlər vasitəsilə bildirən və hər şeyə qadir Allah, sənə yalvarırıq: insanların tək ümidi olan Sən, hər zaman möminlərin ürəyində iman və sevgi oyat, çünki Sən, onlara lütfünlə yardım etməsən, şanlı bir həyat keçirə bilməzlər. Rəbbimiz İsa Məsihin adına Sənə yalvarırıq.

M: Amin.

6. Oxunuş: Allah insanlara elm verir. Dirilən İsa Məsihin izində addımlayaq, çünki, O, bizim üçün həqiqi elmdir. (Baruh 3,9-15.32-38, 4, 1-4 )

Ey İsrail, həyat əmrlərini dinlə, hikməti anlamaq üçün qulaq as. Nə üçün, ey İsrail, nə üçün

düşmənlərin torpağındasan? Sən yad torpaqda qocalmısan, ölülərlə birlikdə murdarlanmısan, ölülər diyarında olanlara aid edilmisən, müdriklik mənbəyini tərk etmisən. Əgər sən Allahın yolu ilə getsəydin, onda əbədi olaraq sülhdə yaşayardın. Hikmətin, qüdrətin, biliyin harada olduğunu öyrən ki, eyni zamanda, uzun ömrün və həyatın, gözlərin nurunun və sülhün harada olduğunu biləsən. Kim müdrikliyin yerini tapıb, kim onun xəzinəsinə girib? Lakin hər şeyi bilən Allah onu bütünlüklə tanıyır; Allah Öz ağlı ilə onu aşkar etdi, yer üzünü əbədi vaxtlar üçün yaratdı, dördayaqlı heyvanlarla doldurdu. O, işığı göndərir, işıq da gedir, onu çağırır, o da lərzə ilə Allaha itaət edir; ulduzlar da öz keşiklərində sevinclə parlayırlar. Allah onları çağırdı, onlar da dedilər ki, biz buradayıq və onları Yaradanın qarşısında sevinclə parladılar. Bu, bizim Allahımızdır, başqa kimsə Ona tay ola bilməz. O, hikmətin hər cür yolunu tapdı, Öz qulu Yaquba və Öz sevimlisi İsrailə verdi. Bundan sonra hikmət yer üzündə göründü, insanların arasında gəzib-dolaşdı. Allahın əmrlərinin kitabı, əbədi qalan qanun idrak yoludur. Ona əməl edənlərin hamısı yaşayacaq, onu tərk edənlərsə öləcək. Ey Yaqub, dön və ondan bərk tut, onun işığının parıltısında gəz. Öz izzətini başqasına vermə, özünə faydalı olanı özgə millətə vermə. Ey İsrail, biz bəxtiyarıq, çünki bilirik ki, Allaha xoş gələn nədir.

Məzmur (19{18}8, 11)

Rəbbim, sözlərin əbədi həyatın qaynağıdır.

Dua

Səndən uzaq qalan insanları imana çağıraraq, Kilsənin böyüməsinə kömək edən uca Allah, müqəddəs vəftiz suyu ilə günahlardan qurtardığın və ruhani həyata qovuşdurduğun övladlarını hər zaman qoru. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

7. Oxunuş: Allah daxilimizdə yeni bir ürək yaratmaq istəyir. (Yezekel 36, 16-28)

Mənə Rəbbin sözü nazil oldu:

«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.

Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.

Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.

Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”. İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.

Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.

Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.

Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.

Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.

Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.

O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.

Məzmur (50{51}12, 15.18-19)

Rəbbim, daxilimizdə yeni bir qəlb yarat.

Dua

Sonsuz qüdrət və sönməyən nur olan uca Allah, kilsənin dualarını dinlə. Əzəldən bəri hazırladığın xilasın gərçəkləşməsinə və bütün insanların xilasa qovuşmasına kömək et. Bütün dünya sənin nemətlərini görsün, taqətsizlər qüvvət tapsın, əzilənlər yenidən canlansın. Bütün dünya, hər şeyin başlanğıcı olan və əbədiyyən hökm edən Oğlun, Rəbbimiz İsa ilə ilk yetkinliyinə çatsın. Rəbbimiz İsa Məsihin adına yalvarırıq.

M: Amin.

(ve ya:)

Əhdi-Ətiq və Əhdi-Cədidin sözləri ilə Pasxa bayramının mənasını bizə öyrədən uca Allah, sevgini və mərhəmətini yaxşı anlaya bilməyimiz üçün ürəklərimizi aydınlat. Bu günə qədər bəxş etdiyin nemətlərdən güc alaraq, gələcəkdə də bəxş edəcəklərinin ümidi ilə yaşayıram. Rəbbimiz İsa Məsihin adına sənə yalvarırıq.

M: Amin.

Himn “GLORİA”

Göylərdəki uca Allaha həmd olsun

və yer üzündəki xoş məramlı insanlara sülh gəlsin.

Səni tərif edirik.

Səni ucaldırıq.

Qarşında diz çökürük.

Sənə həmd edirik.

Uca Allah, göyün Hökmdarı, hər şeyə qadir Ata, ey Allahımız, uca Əzəmətin üçün Sənə şükür edirik.

Rəbb İsa Məsih,

Yeganə Oğul, Rəbb Allah, Allahın Quzusu, Atanın Oğlu,

dünyanın günahlarını təmizləyən Sən, bizə rəhm et;

dünyanın günahlarını təmizləyən Sən, dualarımızı qəbul et;

uca Allahın sağında əyləşən Sən, bizə rəhm et.

Çünki yalnız Sən müqəddəssən, yalnız Sən Rəbbimizsən,

yalnız Sən uca Allahsan.

Ey İsa Məsih, Müqəddəs Ruhun birliyində Ata Allahın izzətindəsən. Amin.

Dua

Məsihin şanlı dirilişi ilə bu müqəddəs gecəni aydınladan uca Allah, yenilənmiş bədəni və ruhu ilə hamımızın sənin xidmətində ola bilməyimiz üçün kilsəyə verdiyin övlad sevgisini qoru və gücləndir. Bunu səninlə və Müqəddəs Ruhla birlikdə indi və əbədiyyən hökm edən sevimli Oğlun, Rəbbimiz İsa Məsihin adına səndən diləyirik.

M: Amin.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 6, 3-11)

Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi tək biz də həmin cür yeni həyat sürək. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.

ALLELUYA! ALLELUYA! ALLELUYA!

Məzmur (118{117}1-2, 15-17, 22-23)

Allah xeyirxahdır, onun sevgisi sonsuzdur.

ALLELUYA! ALLELUYA! ALLELUYA!

Müqəddəs Mark tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Mk 16, 1-8)

Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər. Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər. Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?» Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi. Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”». Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.

Comments are closed.