5-ci Rəbb günü PASXA dövründə B ili

Həv İş 9, 26-31 Related image

Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmaq istədi, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdi. Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını qorxub-çəkinmədən necə bəyan edib. Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da qorxub-çəkinmədən Rəbbin adını bəyan edirdi. O, yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdi. Ona qardaş olanlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər. Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.

Z 22, 25b-27. 28+30. 31-32

Nəqarat: Böyük toplantı arasında həmd etdiyim Sənsən, ya Rəbb!

Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.

Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun!

Yer üzünün hər tərəfində yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.

Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq.

Torpağa düşənlərin hamısı – Özlərini tutub saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər.

Gələcək nəsillər Ona qulluq edəcək, Xudavəndin haqqında övladlarına deyəcək; Onun ədalətini, Onun əməllərini gələcəkdə doğulan xalqa bildirəcək.

1 Yəh 3, 18-24

Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. Bundan həqiqətə məxsus olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın hüzurunda sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik və Ondan nə istəyiriksə, alırıq. Ona görə ki Onun əmrlərini yerinə yetiririk və önündə Ona məqbul olan işlər görürük. Onun əmri də budur ki, biz Onun Oğlu Isa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək. Onun əmrlərini yerinə yetirən kəs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.

Yəh 15, 1-8

Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özbaşına bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, istədiyiniz hər şeyi diləyə bilərsiniz, sizə veriləcək. Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.

Comments are closed.