7-ci Rəbb günü PASXA dövründə B ili

Həv İş 1, 15-17. 20a. 20d-26 Related image

Həmin günlərdə təxminən yüz iyirmi qardaşdan ibarət toplantı oldu. Peter onların arasından qalxıb dedi: «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Yazı sözləri yerinə yetməlidir. Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. Çünki Zəbur kitabında yazılıb: “Vəzifəsini başqası tutsun”.

Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə çəkildiyi günə qədər yanımızdakılardan bir nəfər Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.

Z 103, 1-2. 11-12. 19-20

Nəqarat: Göylərdə olan Rəbbə alqış edin.

Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et!

Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları:

Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.

Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb.

Rəbb taxtını göylərdə qurub, hər yerdə hökmranlıq edir.

Rəbbə alqış edin, ey Onun mələkləri, ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!

1 Yəh 4, 11-16

Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. Kim şəhadət etsə ki, Isa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.

Yəh 17, 11b-19

Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyaya məxsus olmadığım kimi onlar da dünyaya məxsus deyil. Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. Mən dünyaya məxsus olmadığım kimi onlar da dünyaya məxsus deyil. Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.

Comments are closed.