Müqəddəs Üçlüyün Bayramı

Qanunun təkrarı 4, 32-34. 39-40 Image result for holy trinity

İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüvvətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».

Z 33, 4-5. 6+9. 18-19. 20+22

Nəqarat: Nə bəxtiyardır o millət ki, Rəbb onu irs olaraq seçmişdir.

Çünki Rəbbin sözü haqdır, hər işini sədaqətlə aparır.

Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.

Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə yarandı.

Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu.

Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.

İstəyir ki, onları ölümdən qurtarsın, qıtlıqda belə, onlar sağ qalsın.

Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.

Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin.

Rom 8, 14-17

Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allahı «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.

Mt 28, 16-20

On Bir Şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükləri vaxt Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə əməl etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».

Comments are closed.