İsa Məsihin göyə qalxması

Həv İş 1, 1-11 Image result for ascension of jesus

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. 

İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».

Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Səltənəti indimi bərpa edəcəksən?»

İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaq, Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün sonuna qədər hər yerdə Mənim şahidlərim olacaqsınız».

İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki şəxs onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə çəkilən İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».

Z 47, 2-3. 5-6. 7-8

Nəqarat: Rəbb şeypur səsi ilə göyə yüksəldi.

Ey bütün xalqlar, əl çalın, cuşa gəlib Allaha nida edin!

Haqq-Taala Rəbb necə də zəhmlidir, bütün yer üzünün böyük Padşahıdır!

Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.

Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.

Ef 1, 17-23

Dua edirəm ki, Rəbbimiz Isa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun dəvətindən yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf olunan qüdrətin hədsiz böyüklüyünün nə olduğunu biləsiniz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmavi aləmdə Öz sağında oturtdu və hər başçılıq, hakimiyyət, qüvvə və ağalıqdan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də Onu çəkiləcək hər addan çox yüksəltdi. Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Dolğunlaşdıranın tamlığıdır.

Mk 16, 15-20

İsa şagirdlərinə dedi: “Dünyanın hər tərəfinə gedin, bütün xilqətə Müjdəni bəyan edin. İman edib vəftiz olan xilas olacaq, iman etməyən isə məhkum olacaq. İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinlər qovacaqlar, yeni dillərdə danışacaqlar, ilanları əlləri ilə götürə biləcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq”.

Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu. Şagirdlər isə gedib hər yerdə Müjdəni bəyan etdilər. Rəbb onlarla idi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi. Amin.

Comments are closed.