10-cu Rəbb günü Adi dövründə B ili

Yaradılış 3, 9-15 Image result for 10th sunday in ordinary time

Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»

O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»

Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim».

Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?»

Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».

Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən. Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan».

Z 130, 1-2. 3-4. 5-7a. 7b-8

Nəqarat: Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.

Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm.

Ey Xudavənd, səsimi eşit, yalvarış səsimi yaxşı dinlə.

Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın,

ey Xudavənd, kim bunun qarşısında dayana bilər?

Amma Sən bağışlayansan, ona görə hamı Səndən çəkinir.

Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.

Keşikçilər səhərin açılmasını gözlər, bəli, keşikçilər səhərin açılmasını gözlər, qəlbim isə bundan da çox Xudavəndin həsrətini çəkər.

Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.

Ey İsrail, O səni bütün təqsirlərindən azad edər!

2 Kor 4, 13 – 5, 1

«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin.

Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlər isə əbədidir. Bilirik ki, sığındığımız bu dünyəvi çadiri dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.

Mk 3, 20-35

Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə yeməyə belə, imkan tapa bilmədilər.

İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Onlar fikirləşirdilər ki, O, ağlını itirib. Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdi: “Onda Baal-Zevul var. O, cinləri cinlər başçısının qüdrəti ilə qovur”. İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: “Şeytan Şeytanı necə qova bilər? Əgər bir səltənət daxildən parçalanarsa, yerində dura bilməz. Əgər bir ev daxildən bölünərsə, yerində dura bilməz. Şeytan özünə qarşı qalxıb, öz-özünə bölünərsə, yerində dura bilməz, yalnız axırı çatar. Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan evini qarət edə bilməz. Gərək o adamın əl-qolunu bağlasın, sonra evini qarət etsin. Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr varsa, bəşər övladlarına bağışlanacaq. Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq. İsa bunu “Onda natəmiz ruh var” dediklərinə görə söylədi.

İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına adam göndərib Onu çağırdılar. Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: “Anan və qardaşların bayırda Səni axtarır”. İsa onlara cavab verdi: “Mənim anam və qardaşlarım kimdir?”

Sonra ətrafında oturanlara baxaraq dedi: “Mənim anam və qardaşlarım bunlardır! Allahın iradəsini yerinə yetirən kimdirsə, Mənim qardaşım, bacım və anam odur”.

Comments are closed.