Yəhya vəftizçinin doğulması

Yeşaya 49, 1-6Image result for john baptising elizabeth

Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi, O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır». 

Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».

Z 139, 1-3. 13-14. 15

Nəqarat: Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm.

Ya Rəbb, məni yoxlayaraq tanıdın, oturuşumu-duruşumu Özün bilirsən,

fikirlərimi uzaqdan duyursan.

Getməyimə, yatmağıma nəzarət edirsən, nə yollardan keçdiyimi bilirsən.

Sən mənim daxili üzvlərimi yaratmısan, mənə ana bətnində quruluş vermisən. Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm.

Mən gizli bir yerdə yaranarkən, dünyanın dərin yerində yaranarkən bədənim Səndən gizli qalmadı.

Həv İş. 13, 22-26

Paul dedi: Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”. Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib.

Lk 1, 57-66. 80

Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi. Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

Comments are closed.