13-cü Rəbb günü Adi dövrdə B ili

Müdriklik 1, 13-15; 2, 23-24 Image result for 13th sunday in ordinary time year b
Allah ölümü yaratmayıb, yaşayanların məhvinə sevinmir. Çünki O, hər şeyi varlıq üçün yaradıb, dünyadakı hər şey əmin-amanlıq üçündür. Tamamilə öldürücü bir zəhər yoxdur, ölülər diyarı da yer üzündə hökmranlıq etmir. Ədalət ölməzdir. Allah insanı ölməzlik üçün yaratmışdı, onu Öz əbədi varlığının surəti etmişdi. Lakin iblisin paxıllığı dünyaya ölüm gətirdi, onun payına aid olanlar bunun acısını çəkirlər.

Z 30, 1+3. 4-5. 10-11a+12b
Nəqarat: Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın.

Ya Rəbb, Səni ucaldıram, çünki Sən məni qurtardın, düşməni mənə görə sevinməyə qoymadın.
Ya Rəbb, canımı ölülər diyarından azad etdin, qəbrə düşməyim deyə Sən mənə həyat verdin.

Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin.
Çünki qəzəbi bir anlıq olur, lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, onun üçün sübh tezdən sevinc doğar.

Ya Rəbb, dinlə, mənə lütf et, ya Rəbb, köməyimə çat».
Yasımı şənliyə çevirdin, ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!

2 Kor 8, 7. 9. 13-15
Siz isə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun. Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda, sizin uğrunuzda yoxsullaşdı. Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik. İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun. Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı».

Mk 5, 21-43
İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.
Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü. Ona çox yalvarıb dedi: “Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, şəfa tapıb yaşasın”. İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı. On iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O, neçə həkimin əlindən xeyli əziyyət görmüş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi. Bu qadın İsa haqqında eşidib arxadan gəldi və izdihamın içindən keçərək Onun paltarına toxundu. Çünki bu cür düşünürdü: “Heç olmasa paltarına toxunsam, sağalaram”. Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı. İsa dərhal bildi ki, Ondan bir qüvvə ayrıldı və izdihamın içində dönüb soruşdu: “Paltarıma toxunan kim idi?” Şagirdləri Ona cavab verdilər: “Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?” Bunu edəni görmək üçün İsa ətrafa baxdı. Qadın isə özündəki dəyişikliyi gördü. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi. İsa da qadına dedi: “Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən şəfa tap”.
İsa danışarkən sinaqoq rəisinin evindən adamlar gəlib dedi: “Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?” Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: “Qorxma, yalnız iman et!” O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı. Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşma və nalə çəkənlər gördü. İsa içəri girəndə onlara dedi: “Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb”. Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata və anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi. İsa uşağın əlindən tutub dedi: “Talita qumi!” Bunun mənası belədir: “Qızcığaz, sənə deyirəm: Qalx!” On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. Oradakıları böyük heyrət bürüdü. İsa onlara ciddi tapşırdı ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.

Comments are closed.