15-ci Rəbb günü Adi dövrdə B ili

Am 7, 12-15 Image result for 15th sunday in ordinary time year b

Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və səltənətin məbədidir». Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.

Z 85, 9ab+10. 11-12. 13-14

Nəqarat: Ya Rəbb, bizə məhəbbətini göstər, bizi xilas et.

Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər.

Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!

Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.

Həqiqət yerdə bitib göyərəcək, ədalət göylərdən baxacaq.

Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, torpağımız bol məhsul verəcək.

ədalət Rəbbin önündə addımlayar, qədəmləri üçün cığır salar.

Ef 1, 3-14

Bizə Məsihdə hər cür ruhani nemətlə səmavi aləmdə xeyir-dua verən Rəbbimiz Isa Məsihin Allahına – Atasına alqış olsun! O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və ləkəsiz olaq. Öz iradəsinin xoş niyyətinə görə Isa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Məsihə məxsus olaraq Onun qanı vasitəsilə azad olmağa, təqsirlərimizin bağışlanmasına nail olduq. Allah əvvəlcə sirr olaraq saxladığı istəyini xoş niyyətinə görə bizə açdi. Onun Məsih vasitəsilə yerinə yetirmək təyin etdiyi bu niyyəti budur ki, vaxt tamam olanda həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihə məxsus edib birləşdirsin. Hər şeyi Öz iradəsindən yaranan qərari ilə yerinə yetirən Allahın məqsədinə görə biz Məsihdə əvvəlcədən təyin edilərək seçildik ki, qabaqcadan Məsihə ümid bəsləyən bizlər Onun izzətinin mədhi üçün yaşayaq. Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruh ilə Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha aid olanlar azad olunanadək irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.

Mk 6, 7-13

O, On İki Şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhların üzərində səlahiyyət verdi. Onlara tapşırdı ki, yol üçün çomaqdan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər. Tapşırdı ki, ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. İsa onlara dedi: “Harada bir evə girsəniz, o yerdən çıxanacan o evdə qalın. Harada sizi qəbul etməzlərsə, sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın”.

Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.

Comments are closed.