16-cı Rəbb günü Adi dövrdə B ili

Yeremya 23, 1-6 Related image

Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qeydinə qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qeydinə qalacağam» Rəbb belə bəyan edir. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam.

Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir. «Budur, Davud üçün saleh bir Pöhrə çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. «Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».

Z 23, 1-3. 4. 5. 6

Nəqarat: Rəbb mənim çobanımdır, möhtac olmaram.

Rəbb mənim çobanımdır, möhtac olmaram.

O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir.

Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolu ilə aparır.

Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən,

Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan, başıma ətirli yağ çəkirsən, ağzınadək camımı doldurursan.

Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir.

Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!

Ef 2, 13-18

Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.

Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfin (yəni yəhudilər və başqa millətlər) bir etdi və bizi bir-birimizdən ayıran hasarı, yəni ədavəti Öz cismi ilə yıxdı. Qanunu, əmrləri və qaydaları ilə birgə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, çarmıxla ədavəti yox etdi.

O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma müjdəsini yaydı. Çünki hər ikimiz Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.

Mk 6, 30-34

Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. İsa onlara dedi: “Siz gedin, kimsənin olmadığı yerdə bir az dincəlin”. Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar. Onlar da ayrılıb qayığa minərək kimsənin olmadığı bir yerə getdilər. Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar. İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.

Comments are closed.