17-ci Rəbb günü Adi dövrdə B ili

2Padşah 4, 42-44 Related image

Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk bəhərdən iyirmi kömbə arpa çörəyi və öz məhsulundan sünbüllər gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər». Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”». Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.

Z 145, 10-11. 15-16. 17-18

Nəqarat: Ya Rəbb, əlini açırsan, bütün canlıları doyunca yedirirsən.

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.

Ya Rəbb, hamının gözü Sənə baxır, vaxtlı-vaxtında onlara azuqə verirsən. Əlini açırsan, bütün canlıları doyunca yedirirsən.

Rəbb bütün yollarında adildir, hər işində sadiqdir.

Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.


Ef 4, 1-6

Beləliklə, Rəbb uğrunda məhbus olan mən, sizə yalvarıram ki, aldığınız dəvətə layiq şəkildə həyat sürəsiniz. Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Dəvət edildikdə bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, bütün bəşəriyyətin Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.

Yəh 6, 1-15

Bu hadisələrdən sonra İsa Qalileya yəni Tiberiya gölünün o biri sahilinə keçdi. Böyük bir kütlə Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. İsa dağa çıxıb şagirdləri ilə oturdu. Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa başını qaldıraraq ətrafında böyük bir kütlənin toplaşdığını görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adama bunlar çatarmı?» İsa «xalqı yerə oturdun» dedi. O yer otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. O zaman İsa çörəkləri götürüb şükür etdikdən sonra balıqlarla birgə oturanlara payladı; hər kəsə istədiyi qədər verdilər. Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan tikələri toplayın ki, heç bir şey zay olmasın». Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan tikələrlə on iki səbəti doldurdular. O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» dedi. İsa bildi ki, adamlar Onu padşah etmək üçün zorla aparmaq istəyir, buna görə də təkbaşına dağa çəkildi.

Comments are closed.