19-cu Rəbb günü Adi dövrdə B ili

1 Kr 19, 4-8 Image result for 19th sunday in ordinary time 2018

İlyas özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».

O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi. 

Z 34, 2-3. 4-5. 6-7. 8-9

Nəqarat: Dadın, görün Rəbb nə qədər şirindir.

Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.

Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!

Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.

Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.

Rəbbə baxan nur saçar, üzü qızarmaz.

Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, bütün əzablarımdan məni xilas etdi.

Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər.

Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır Ona pənah gətirənlər!

Ef 4, 30 – 5, 2

Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki azadlıq günü üçün o Ruhla möhürləndiniz. Qoy hər cürə kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtan büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.

Yəh 6, 41-51

Bunun cavabında Yəhudilər İsanın «göydən enən çörək Mənəm» sözünə görə öz-özlərinə deyindilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?»

İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələnləri isə Mən son gündə dirildəcəyəm. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. Əlbəttə, Atanı heç kəs görməyib, yalnız Allahdan gələn Şəxs Atanı görüb. Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. Həyat çörəyi Mənəm. Atalarınız çöldə manna yedilər və öldülər. Burada göydən enən elə bir çörək də var ki, ondan yeyən heç vaxt ölməz. Göydən enmiş, həyat verən çörək Mənəm. Əgər bir kəs bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz bədənimdir».

Comments are closed.