20-ci Rəbb günü Adi dövrdə B ili

Süleymanın Məsəlləri 9, 1-6 Image result for bread of life

Hikmət evini qurub, yeddi dirəyini yonub, heyvanlarını kəsib, şərabını hazırlayıb, süfrəsini də düzəldib. Göndərdiyi kənizlər şəhərin uca yerlərindən car çəkərlər: «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: «Gəlin, çörəyimdən yeyin, hazırladığım şərabdan için. Cəhaləti atın, ömür sürün, idrak yolları ilə düz gedin».

Z 34, 1-2. 9-10. 11-12. 14-15

Nəqarat: Dadın, görün Rəbb nə qədər şirindir.

Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.

Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!

Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.

Gənc aslanlar ac-yalavac qaldılar, lakin Rəbbi axtaranlar heç bir yaxşı şeydən korluq çəkməzlər.

Gəlin, ey övladlar, məni dinləyin, Rəbdən qorxmağı məndən öyrənin:

Kim həyatdan kam almaq istəyirsə, uzun ömür sürüb xoş gün görmək istəyirsə?

Qoy dilini şərdən, ağzını fırıldaq üçün işlətməkdən qorusun,

qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin!

Ef 5, 15-20

Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, hikmətdən məhrum olanlar kimi deyil, hikmətlilər kimi həyat sürün. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir. Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. Şərabdan sərxoş olmayın, bu sizi əyyaşlığa aparır. Bunun əvəzinə Ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, ürəyinizdə Rəbbə nəğmə və məzmur oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.

Yəh 6, 51-58

Göydən enmiş, həyat verən çörək Mənəm. Əgər bir kəs bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz bədənimdir».

Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz bədənini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.

Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun bədənindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim bədənimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Çünki Mənim bədənim həqiqi yemək, qanım da həqiqi içkidir. Mənim bədənimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Yaşayan Ata Məni göndərdiyi kimi, Mən də Ata vasitəsilə yaşadığım kimi Məndən yeyən də Mənim vasitəmlə yaşayacaq. Göydən enən çörək budur, atalarınızın yediyi kimi deyil. Onlar öldü, amma bu çörəyi yeyən əbədi yaşayacaq».

Comments are closed.