21-ci Rəbb günü Adi dövrdə B ili

Yeşua 24, 1-2a. 15-17. 18b Image result for lord you have the words of everlasting life

Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək». Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!

Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».

Z 34, 1-2. 15-16. 17-18. 19-20. 22-23

Nəqarat: Dadın, görün Rəbb nə qədər şirindir.

Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.

Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!

Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır.

Rəbbin üzü şər iş görənlərə qarşıdır, yer üzündə onlardan nişanə qoymayacaq.

Salehlər fəryad çəkəndə Rəbb eşidir, onları bütün əzablarından azad edir.

Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.

Salehlər çox bəlaya düçar olar, lakin Rəbb onları hər birindən qurtarır.

Rəbb onların hər bir sümüyünü qoruyur, heç biri zədələnməz.

Pislər öz şəri ilə məhv olacaq, salehə nifrət edən məhkum olacaq.

Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.

Ef 5, 21-32

Məsih qorxusu ilə bir-birinizə tabe olun. Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsun. Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə Öz hüzuruna çıxarsın. Məqsədi cəmiyyətin müqəddəs və nöqsansız olmasıdır. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. Axı biz Onun bədən üzvləriyik, Onun ətindən, sümüklərindənik. «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.

Yəh 6, 60-69

Şagirdlərindən bir çoxu bu sözləri eşitdikləri zaman dedi: «Bu, çətin söz oldu. Bunu kim qəbul edə bilər?» Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu sözlər sizi büdrədirmi? Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? Həyat verən Ruhdur, bəşər gücünün isə buna heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Onu ələ verəcək adamın kim olduğunu əvvəldən bilirdi. O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz». Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. Onda İsa On iki Şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözlərini söyləyən Sənsən. Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən».

Comments are closed.