22-ci Rəbb günü Adi dövrdə B ili

Qanunun Təkrarı 4, 1-2. 6-8 Image result for 22nd sunday in ordinary time 2018

İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər.

Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?

Z 15, 2-3a. 3b-4b. 5

Nəqarat: Ya Rəbb, çadırında kim qalır? Müqəddəs dağında kim məskən salır?

Kamillik yolu ilə gedən, əməlisaleh olan, ürəkdən həqiqəti söyləyən,

dilinə böhtan gəlməyən.

Dostuna yamanlıq etməyən, qonşusunu təhqir etməyən,

şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən.

Sələmlə pul verməyən, təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.

Əsla sarsılmaz belə həyat sürən insan!

Yaq 1, 17-18. 21b-22. 27

Qardaşlarım! Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, özündə heç dəyişkənliyi ya dönüklük kölgəsi olmayan nurlar Atasından, yəni Nur Olan və səma cisimlərini yaradan Ata Allahdan gəlir. O Öz iradəsinə görə həqiqət Kəlamı ilə bizi törətdi ki, biz elə bil Onun yaratdıqlarının nübarı olaq. Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq daxilinizə əkilən, canlarınızı xilas etməyə qadir olan Kəlamı həlimliklə qəbul edin. Bu Kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan ləkəsiz saxlamaqdır.

Mk 7, 1-8. 14-15. 21-23

Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldılar. Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi çirkli əlləri ilə, yəni əllərini yumamış çörək yeyirlər. Fariseylər və bütün Yəhudilər ata-babalarının dini adət-ənənəsinə görə əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. Onlar bazardan gələndə əllərini yumamış heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları və mis qazanları yuyub paklayarlar. Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: “Nə üçün Sənin şagirdlərin ata-babaların dini adət-ənənəsinə əməl etmirlər? Nə üçün onlar murdar əlləri ilə çörək yeyirlər?”

İsa onlara dedi: “Yeşaya peyğəmbər siz ikiüzlülər üçün yaxşı peyğəmbərlik etmişdi! Yazıldığı kimi: Bu xalq dildə Mənə hörmət edir, amma qəlbləri Məndən uzaqdır. Boş yerə Mənə səcdə edirlər, insan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər. Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz”.

İsa yenə camaatı çağırıb dedi: “Hamınız Mənə qulaq asın və dərk edin. Kənardan insanın daxilinə girən şey insanı murdar etməz. Amma insanın daxilindən çıxan şey insanı murdar edər. Çünki insan daxilindən, insan ürəyindən çıxan bunlardır: pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, şəhvət, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir”.

Comments are closed.