24-cü Rəbb günü Adi dövründə B ili

Yeş 50, 5-9b  Image result for 24th sunday in ordinary time 2018

Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü, saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər? 

Z 116, 1-2. 3-4. 5-6. 8-9

Nəqarat: Rəbbin hüzurunda gəzib-dolanıram, dirilər arasındayam.

Rəbbi sevirəm, çünki O, yalvarışımı eşidir. Səsimə qulaq asdığı üçün nə qədər varam, Onu çağıracağam.

Ətrafıma ölüm bağları sarıldı, ölülər diyarının sıxıntıları məni haqladı, dərd-bəlalar məni tapdı.

O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»

Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir.

Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.

Ya Rəbb, canımı ölümdən, gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.

İndi Rəbbin hüzurunda gəzib-dolanıram, dirilər arasındayam.


Yaq 2, 14-18

Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? Əgər qardaş-bacılardan biri çılpaq qalır və gündəlik yeməyi yoxdursa və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların bədəninə lazım olanları vermirsə, nə faydası var? İman da elədir, əgər yaxşı əməlləri yoxdursa özü-özlüyündə ölüdür. Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını əməlsiz mənə göstər, mən də sənə imanımı əməllərimə əsasən göstərəcəyəm.

Mk 8, 27-35

İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: “Adamların dediyinə görə Mən kiməm?” Şagirdləri Ona belə cavab verdilər: “Bəziləri Sənə Vəftizçi Yəhya, bəziləri İlyas, bəziləri də peyğəmbərlərdən biridir, deyir”. İsa onlardan soruşdu: “Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?” Peter Ona cavab verdi: “Sən Məsihsən”. İsa şagirdlərinə ciddi tapşırdı ki, Onun haqqında heç kəsə danışmasınlar.

İsa onlara təlim öyrətməyə başladı: “Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üç gündən sonra dirilməlidir”. İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. Amma İsa dönüb şagirdlərinə baxdı və Peteri məzəmmət etdi: “Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən”. İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: “Kim Mənim ardımca gəlmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb ardımca gəlsin. Canını qurtarmaq istəyən onu itirəcək, Mənə görə və Müjdə uğrunda canını itirən isə canını qurtaracaq.

Comments are closed.