25-ci Rəbb günü Adi dövrdə B ili

Müdriklik kitabından sözlər 2, 12. 17-20 Risultati immagini per 25th sunday in ordinary time 2018

Pislik düşünən insanlar öz aralarında belə deyirlər. “Dürüst insana tələ quraq, çünki o bizi narahat edir, həyat tərzimizə mane olur, Allahın əmrlərinə əməl etmədiyimiz üçün bizi tənqid edir və bizi ənənələri pozmaqda günahlandırır. Baxaq! Dedikləri düzdürmü? Görək onun axırı necə olacaq? Əgər bu dürüst insan Allahın övladıdırsa, Allah onun tərəfini tutacaq və onu düşmənlərinin əlindən xilas edəcək. Əzab verib işgəncə edərək onu sınayaq, bu şəkildə onun nəzakətini araşdıraq. Dözümlülüyünü yoxlayaq. Onu günahlandıraraq utanc verici bir ölümə məhkum edək, çünki onu qoruyacaqlarını iddia etmədimi? 

Z 54, 1-2. 3-4. 6

Nəqarat: Xudavənd ömrümə dayaq olur.

Ey Allah, isminlə məni qurtar, qüvvənlə mənə bəraət ver.

Ey Allah, mənim duamı dinlə, dilimdən çıxan sözlərə qulaq as.

Yadellilər əleyhimə qalxıblar, zalımlar canımı almaq üçün məni axtarırlar.

Heç Allaha baxmırlar.

Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur. Sənə könüllü qurban kəsəcəyəm, ya Rəbb, gözəl isminə şükür edəcəyəm!

Yaq 3, 16 – 4, 3

Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. Amma yuxarıdan nazil olan müdriklik əvvəl safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli səmərələrlə doludur, qərəzsizdir, riyasızdır. Sülh yaradanların əkdiyi sülh toxumlarından salehliyin bəhrəsi gəlir. Aranızda davalar və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. Diləyirsiniz, amma almırsınız, çünki öz zövqlərinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.

Mk 9, 30-37

Onlar oranı tərk edib Qalileyadan keçirdi. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. Çünki şagirdlərinə təlim öyrədir və onlara belə deyirdi: “Bəşər Oğlu xəyanətlə insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək”. Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmağa da cürət etmədilər.

Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: “Yol boyu nə barədə mübahisə edirdiniz?” Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər. İsa əyləşdikdən sonra On İki Şagirdi yanına çağırıb dedi: “Qoy birinci olmaq istəyən hamıdan axırıncı və hamının xidmətçisi olsun”. O bir balaca uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi: “Kim belə uşaqlardan birini Mənim adımla qəbul edərsə, Məni qəbul edər. Məni qəbul edənsə Məni yox, Məni Göndərəni qəbul edər”.

Comments are closed.