27-ci Rəbb günü Adi dövrdə B ili

Yaradılış 2, 18-24 Immagine correlata

Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 

O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o, yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. İnsan dedi: «Bax, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, çünki o, kişidən götürülüb». Buna görə də kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq.

Z 128, 1-2. 3-4. 5-6

Nəqarat: Ömür boyu Rəbb bizə xeyir-dua versin.

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.

Evində arvadın tənək kimi bar gətirəcək,

övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.

Rəbdən qorxan insan belə xeyir-dua alacaq: Rəbb Siondan sənə xeyir-dua versin, ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən, övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!

İbr 2, 9-11

Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölüm dadmaq üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Kəsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu. Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi. Çünki təqdis edən Şəxs və təqdis olunanların hamısının Atası eynidir. Buna görə də İsa onları qardaş çağırmaqdan utanmayıb.

Mk 10, 2-16

Fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: “Qanuna görə kişinin öz arvadını boşaması düzgündürmü?” İsa onlara cavab verdi: “Musa sizə nə əmr etmişdi?” Onlar dedi: “Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə vermişdir”. İsa da onlara belə dedi: “O bu əmri ürəyinizin inadkar olduğuna görə yazmışdır. Allah yaradılışın başlanğıcında insanları kişi və qadın olaraq yaratdı. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi də bir bədən olacaq. Artıq onlar iki deyil, bir bədəndir. Ona görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın”.

Onlar evdə olarkən şagirdləri İsaya bu barədə yenə sual verdilər. İsa onlara belə cavab verdi: “Arvadını boşayıb başqası ilə evlənən hər kəs arvadına zina edir. Ərindən boşanıb başqasına gedən qadın da zina edir”.

Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa əli ilə onlara toxunsun. Amma şagirdlər uşaqlarını gətirənləri məzəmmət edirdi. Bunu görən İsa qəzəblənərək onlara dedi: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Səltənəti belələrinə məxsusdur. Sizə doğrusunu deyirəm: Allahın Səltənətini bir uşaq kimi qəbul etməyən oraya əsla daxil ola bilməz”. Sonra uşaqları qucaqlayıb, əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.

Comments are closed.