3-cü Rəbb günü Oruc dövründə “B”

Ex 20, 1-17

Allah bütün bu sözləri belə söylədi: «Səni Misir torpağından, köləlik diyarından çıxaran llahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın. Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların, yanında qalan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Qətl etmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalan şahidlik etmə. Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».

Z 19, 8. 9. 10. 11
Nəqarat: Ya Rəbb, əbədi həyatın sözləri Səndədir.

Rəbbin qanunu kamildir, canı təzələyir,
Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.

Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir,
Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

Rəbb qorxusu safdır, əbədi yaşayır,
Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,
onlar baldan, şanı balından da şirindir.

1 Kor 1, 22-25

Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, yunanlar müdriklik axtarır. Biz isə çarmıxa çəkilmiş Məsihi təbliğ edirik. Bu, yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır.
Amma çağırılan həm yəhudilər, həm də yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir. Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.

Jn 2, 13-25

Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazılmış sözü xatırladılar. Sonra Yəhudi başçıları Ondan soruşdu: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». Onda Yəhudi başçıları dedi: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın sözünə iman etdilər. Pasxa bayramı zamanı Yerusəlimdə olanda İsanın göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.

Leave a Reply

Your email address will not be published.