4-cü Rəbb günü Oruc dövründə “B”

2 Salnamələr 36, 14-16. 19-23

Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar.
Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi. Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər. Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər. Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu.  Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.
Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi:
«Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”».

 

Z 137, 1-2. 3. 4-5. 6

Nəqarat: Ya Rəbb, Səni həmişə xatırlamaq istəyirəm.

 

Babil torpağında olanda Sionu yada salardıq,
çay kənarında oturaraq ağlayardıq,
liralarımızı söyüd ağaclarından asardıq.
Bizi əsir edənlər nəğmə oxumağımızı əmr edirdilər,
Bizə zülm verənlər onları şənləndirməyimizi istəyirdilər,
«Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.
Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
Ey Yerusəlim, əgər səni unutsam, qoy sağ əlim qurusun.
Ey Yerusəlim, səni anmasam, ən böyük sevincim olmasan, qoy dilim damağıma yapışsın.

Ef 2, 4-10

Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.

 

Yəh 3, 14-21

Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki,  Ona iman edən hər kəs əbədi həyata malik olsun».
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.

Leave a Reply

Your email address will not be published.