5-ci Rəbb günü Oruc dövründə “B”

Yer 31, 31-34

Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir. «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.

 

Z 51, 1-2. 10-11. 12-13

Nəqarat:  Ey Allah, məndə təmiz ürək yarat.

 

Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,
bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Təqsirimi tamamilə yu, günahımdan məni təmizlə.
Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver.
Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
Xilasının sevincini mənə qaytar, itaətkarlıq ruhu verib mənə dayaq ol.
Qoy Sənin yollarını qanunsuzlara öyrədim, günahkarlar Sənə sarı dönsünlər.

 

İbrani 5, 7-9

Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu.

 

Yəh 12, 20-33

Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb  edəcəyəm». İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi.

Leave a Reply

Your email address will not be published.