6-cı Rəbb günü: İsa Məsihin Yerusəlimə girdiyi günü “B”

Mk 11, 1-10 

Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».

Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar.  Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?»  Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər. Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi. Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi. İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər:

«Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun! Ən ucalarda hosanna!»

 

Yeş 50, 4-7

Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım,

üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.

 

Z 22, 7-8. 16-17a. 18-19. 23-24

Nəqarat: Ey Allahım, Allahım, niyə məni tərk etdin?

 

Məni hər görən lağ edir, dodaq büzüb, başını yırğalayıb belə deyir:

«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

 

Şər insanlar dəstəsi məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər.

Ayaqlarımı, əllərimi deşdilər. Sümüklərimi saya bilirəm.

 

Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar.

Ya Rəbb, uzaq durma, ey mənim Qüdrətlim, dadıma tez çat!

İsmini qardaşlarıma elan edəcəyəm, camaat arasında Sənə həmd söyləyəcəyəm:

«Siz ey Rəbdən qorxanlar, Ona həmd edin,

ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, siz ey İsrail nəsli, Ona ehtiram edin!

Flp 2, 6-11

Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

 

Müqəddəs Yəhya tərəfindən yazılan İsa Məsihin İstirabları və Ölümü

(Yəh 18, 1-40, 19, 1-42)

 

O: Oxuyucu

İ: İsa

H: Həvvarilər

P: Pilat

X: Xalq

B: Baş kahin

 

 

O: İSA bu şeyləri söylədikdən sonra şagirdləri ilə çölə çıxıb Kidron dərəsinin o tayına keçdi. Orada bir bağ var idi, Özü və şagirdləri oraya girdilər.

Onu ələ verən Yəhuda da o yeri tanıyırdı; çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı.

Beləliklə, Yəhuda, əsgər bölməsini və baş kahinlərdən və fəriseylərdən mühafizlər alıb fənərlər, məş’əllər və silahlarla oraya gəldi. İsa başına gələcək bütün işləri bilərək qabağa çıxıb onlara dedi:

İ: «Kimi axtarırsınız?» -.

O: Ona cavab verdilər:

X: “Nazaretli İsanı.»

O: Onu ələ verən Yəhuda da onlarla bərabər durmuşdu. İsa onlara «Mənəm» dediyi zaman, onlar geri çəkilib yerə yıxıldılar. İsa yenə də onlardan soruşdu:

İ: Kimi axtarırsınız?

O: Onlar dedilər:

X: Nazaretli İsanı.

O: İsa cavab verdi:

İ: Sizə dedim ki, Mənəm; əgər Məni axtarırsınızsa, bunları buraxın getsinlər.

O: Onun dediyi: «Mən Sənin Mənə verdiyin kimsələrdən heç birini qeyb etmədim» sözü yerinə yetsin deyə belə oldu. Şimon Peterin qılıncı var idi; onu çıxarıb, baş kahinin qulunu vurub sağ qulağını saldı. O qulun adı Malik idi. O vaxt İsa Peterə dedi:

İ: Qılıncını qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?

O: Beləcə əsgər bölməsi, minbaşı və yəhudilərin mühafizləri İsanı tutub bağladılar. Və Onu əvvəl Hananın yanına apardılar, çünki o, həmin il baş kahin olan Qayafanın qaynatası idi.

Xalq yolunda bir adamın ölməsi xeyirlidir, deyə yəhudilərə öyüd verən Qayafa idi.

Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdi. Bu şagirdi baş kahin tanıyırdı və o, İsa ilə bərabər baş kahinin həyətinə girdi. Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı o şagird çıxıb qapıçı qıza bir söz dedi və Peteri içəri gətirdi.

Qapıçı qız bu anda Peterə dedi:

X:  Sən də bu Adamın şagirdlərindən deyilmisən?

O: O da bu cavabı verdi:

H: Yox, deyiləm!

O: Bu arada qullar və mühafizlər, soyuq olduğuna görə, ocaq qalayıb, ətrafında durub, isinirdilər; Peter də onlarla bərabər durub isinirdi. O vaxt baş kahin İsadan şagirdləri və tə’limi haqda soruşdu. İsa ona cavab verdi:

İ: Mən aləmə açıq söylədim; Mən yəhudilərin daim toplaşdıqları sinaqoqlarda və mə’bəddə tə’lim verirdim; və gizli heç bir şey söyləmirdim. Nə üçün Məndən soruşursan? Onlara nə söylədiyimi eşidənlərdən soruş.Onlar Mənim söylədiyimi bilirlər.

O: O bu sözləri söylədikdən sonra, orada duran mühafizlərdən biri İsaya bir şillə vuraraq belə dedi:

X: Baş kahinə beləmi cavab verirsən?

O: İsa ona cavab verdi:

İ: Əgər pis söz dedimsə, pis olduğunu sübuta yetir; əgər doğru dedimsə, nə üçün məni vurursan?

O: Və Hanan Onu qolları bağlı baş kahin Qayafanın yanına göndərdi.

Şimon Peter həyətdə durub isinirdi. Ona dedilər:

X: Sən Onun şagirdlərindən deyilmisən?

O:  O, inkar edib dedi:

H: Deyiləm.

O: Peter tərəfindən vurulub qulağı kəsilmiş adamın qohumlarından və baş kahinin nökərlərindən olan biri belə dedi:

X:  Səni bağda Onunla birlikdə görmədimmi?

O: Peter yenə inkar etdi; və həmin vaxt xoruz banladı.Yəhudi idarəçilər Qayafanın yanından İsanı Pretoriuma apardılar. Səhər erkən idi; özləri isə Pretoriuma girmədilər, yoxsa napak sayılıb, pasxa yeməyini yeyə bilməzdilər. Pilat çölə, onların yanına çıxıb dedi:

P: Bu Adamdan nə şikayətiniz var?

O: Onlar bu cavabı verdilər:

X: Əgər bu Adam cani olmasaydı, Onu sənə təslim etməzdik.

O: Pilat onlara dedi:

P: Onu siz götürün və qanununuza görə mühakimə edin.

O: Yəhudi idarəçilər Pilata dedilər:

X: Bizim heç kimi ölümə məhkum etməyə ixtiyarımız yoxdur.

O: İsanın nə cür ölümlə öləcəyinə işarə edərək, söylədiyi söz yerinə yetsin deyə belə dedilər.Pilat yenə Pretoriuma girib İsanı çağırdı və Ona dedi:

P: Sən Yəhudilərin Hökmdarısanmı?

O: İsa cavab verib dedi:

İ: Sən bunu özündənmi söyləyirsən, yoxsa başqalarımı Məndən sənə bəhs etdilər?

O: Pilat cavab verdi:

P: Məgər mən yəhudiyəm? Səni öz xalqın və baş kahinlər mənə təslim etdilər. Nə etmisən?

O: İsa cavab verdi:

İ: Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi Mənim Səltənətim buradan deyildir.

O: Pilat Ona dedi:

P: Demək Sən hökmdarsan?

O: İsa cavab verdi:

İ: Doğru deyirsən: Mən hökmdaram. Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimi eşidir.

O: Pilat Ondan:

P: Həqiqət nədir?

O: deyə soruşdu.Bunu dedikdən sonra, təkrar eşiyə, yəhudilərin yanına çıxıb dedi:

P: Mən Onda heç bir günah tapmıram! Axı sizdə belə bir adət var ki, pasxada sizə bir adamı həbsxanadan azad edim; indi Yəhudilərin Hökmdarını sizə azad etməyimi istəyirsinizmi?

O: O vaxt yenə hamı bağırıb dedilər:

X: Bu Adamı yox, Barabbanı!

O: Barabba isə quldur idi. O VAXT Pilat İsanı götürüb qamçılatdı. Əsgərlər də tikanlardan bir tac hörüb Onun başına qoydular və Ona mor xələt geydirdilər.

Onun yanına gəlib deyirdilər:

X: Salam, ey Yəhudilərin Hökmdarı!

O: Və Onun üzünə şillə vururdular. Pilat yenə çölə çıxıb, yəhudilərə dedi:

P: Budur, Onu sizin yanınıza gətirirəm ki, Onda heç bir günah tapmadığımı biləsiniz.

O: O zaman İsa, başında tikandan tac və əynində mor xələt, çölə çıxdı. Pilat onlara dedi:

P: Budur o Adam!

O: Baş kahinlər və mühafizlər Onu gördükdə bağırmağa başladılar:

X: Çarmıxa çək! Çarmıxa çək!

O: Pilat onlara dedi:

P: Onu siz götürüb çarmıxa çəkin, çünki mən Onda bir günah tapmıram.

O: Yəhudi idarəçilər ona cavab verdilər:

X: Bizim bir qanunumuz vardır; qanunumuza görə O ölməlidir, çünki Özünün Allahın Oğlu olduğunu iddia edir.

O: Pilat bu sözü eşitdiyi zaman daha çox qorxdu; Yenə Pretoriuma girib İsaya dedi:

P: Sən haralısan?

O:  İsa isə ona cavab vermədi. Pilat Ona dedi:

P: Mənə bir şey demirsənmi? Bilmirsən ki, Səni buraxmağa da, çarmıxa çəkməyə də səlahiyyətim vardır?

O: İsa ona cavab verdi:

İ: Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə sənin heç bir səlahiyyətin olmazdı. Bunun üçün, Məni sənin əlinə verənin günahı daha böyükdür.

O: Bundan sonra Pilat Onu buraxmağa çalışırdı, lakin yəhudilər bağırıb deyirdilər:

X: Əgər Bunu buraxsan, qeysərin dostu deyilsən; kim özünün hökmdar olduğunu iddia edirsə, qeysərə qarşı çıxmış olur.

O: Pilat bu sözləri eşitdikdə, İsanı eşiyə gətirdi və Daş Döşəmə – ibranicə Qabata – deyilən yerdə, hökm kürsüsünə oturdu. O gün Pasxanın hazırlıq günü idi; altıncı saata yaxın idi. Və Pilat yəhudilərə belə dedi:

P: Budur hökmdarınız!

O: Amma onlar belə bağırdılar:

X: Götür, götür, Onu çarmıxa çək!

O: Pilat onlara dedi:

P: Hökmdarınızı çarmıxamı çəkim?

O: Baş kahinlər cavab verdilər:

B: Qeysərdən başqa hökmdarımız yoxdur.

O: O zaman Pilat İsanı çarmıxa çəkmək üçün onlara təslim etdi. Əsgərlər də Onu götürüb apardılar. O vaxt İsa Öz çarmıxını daşıyaraq çölə çıxıb, ibranicə Qolqota adlanan, Kəllə yeri deyilən yerə çatdı. Onu və Onunla bərabər iki nəfəri orada çarmıxa çəkdilər. Onlardan biri İsanın bir tərəfində, digəri isə o biri tərəfində idi, İsa isə ortada. Pilat bir taxta yazıb onu çarmıx üzərinə asdırdı. Orada belə yazılmışdı: “Nazaretli İsa, Yəhudilərin Hökmdarı.” Yəhudilərdən bir çoxu bu taxtanı oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi; o taxta ibranicə, yunanca və latınca yazılmışdı. Buna görə yəhudi baş kahinləri Pilata dedilər:

X: “Yəhudilərin hökmdarı” yox, Bu Adam “Yəhudilərin Hökmdarıyam” dedi, – yaz.»

O: Pilat cavab verdi:

P: Nə yazdımsa, yazdım!

O: Əsgərlər İsanı çarmıxa çəkdikləri vaxt, Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olaraq dörd yerə böldülər. Köynəyini də götürdülər. Köynək tikişsiz, başdan başa toxuma idi. Onlar da bir-birilərinə dedilər:

X: Bunu cırmayaq, kimin olsun deyə püşk ataq.

O:  Beləliklə Müqəddəs Yazıdakı bu sözlər həqiqət oldu: “Paltarlarımı aralarında payladılar, geyimim üçün püşk atdılar.”Budur əsgərlər belə etdilər.

İsanın çarmıxı yanında anası və anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm durmuşdular. İsa, anasını və onun yanında sevdiyi şagirdin durduğunu gördükdə anasına dedi:

İ: Ana, budur oğlun!

O: Ondan sonra şagirdə dedi:

İ: Budur anan!

O: O saatdan sonra şagird onu öz evinə apardı. Bundan sonra, İsa artıq hər şeyin indi tamam olduğunu bilərək, Müqəddəs Yazının yerinə yetməsi üçün dedi:

İ: Susadım!

O: Orada turş şərab dolu bir qab qoyulmuşdu; turş şərab ilə bir süngər doldurub, onu bir zufa budağına taxıb, Onun dodaqlarına yaxınlaşdırdılar. İsa şərabı daddıqda:

İ: Tamam oldu.

O: dedi, və başını əyib canını tapşırdı.

 

O: İndi hazırlıq günü olduğundan, cəsədlər şənbə günü çarmıxda qalmasın deyə (çünki o şənbə günü böyük bayram idi), yəhudi idarəçilər çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərinin qaldırılmasını Pilatdan xahiş etdilər. O vaxt əsgərlər gəlib birincinin və onunla bərabər çarmıxa çəkilmiş olan o birisinin baldırlarını qırdılar. İsaya çatdıqda isə, Onun artıq ölmüş olduğunu görüb, baldırlarını qırmadılar. Lakin əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi; və o anda oradan qan və su axdı. Bunu görən şəhadət etdi və onun şəhadəti doğrudur; iman edəsiniz deyə özü həqiqəti söylədiyini bilir. Çünki bu hadisələr: “Onun heç bir sümüyü sınmayacaqdır” deyən Müqəddəs Yazı yerinə yetsin deyə baş verdi. Və yenə başqa bir yerdə Yazı vardı: “Onlar bədənini deşdikləri Adama baxacaqlar.”

Bu hadisələrdən sonra, İsanın şagirdi olub, yəhudi idarəçilərin qorxusundan özünü gizlədən arimateyalı Yusif, İsanın cəsədini çıxartmaq üçün Pilatdan xahiş etdi və Pilat izin verdi. O da gəlib İsanın cəsədini çıxartdı. Vaxtı ilə İsanın yanına gecə ikən gələn Nakdimon da gəlib, otuz litrə qədər qarışıq mirra və əzvay gətirdi. O vaxt İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirlərlə bərabər kətan parçalara sarıdılar. Çarmıxa çəkildiyi yerdə bir bağ və bağda hələ içinə heç kimsə qoyulmamış təzə bir qəbir var idi. Yəhudilərin hazırlıq günü olduğundan İsanı oraya qoydular, çünki qəbir yaxında idi.

Leave a Reply

Your email address will not be published.