3-cü Rəbb günü PASXA dövründə B ili

Həv İş 3, 13-15. 17-19
İbrahimin, İshaqın və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirdi. Siz Onu sataraq Pilatın qarşısında rədd etmişdiniz. Pilat Onu azad etmək üçün qərar verdi. Amma siz Müqəddəs və adil Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. Siz Həyat Yolunu Açanı öldürdünüz, amma Allah Onu ölümdən diriltdi. Biz bunun şahidləriyik.
İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini həyata keçirtdi. Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün.

Z 4, 1. 3. 6. 8
Nəqarat: Ya Rəbb, üzünün nurunu üstümüzə sal.

Səni çağıranda mənə cavab ver, ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar,
Lütf edib duama qulaq as!

Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; nə vaxt Rəbbi çağırsam, məni eşidir.

Çoxları belə deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.

Arxayın yatıb yuxuya gedirəm, çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!

1 Yəh 2, 1-5a
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan Isa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır. Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə əməl edirik. Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə əməl etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur. Lakin kim Onun sözünə əməl edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb.

Lk 24, 35-48
Emmaus adlı kəndə gedənlər də yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər. Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara dedi: “Sizə sülh olsun!” Onlar isə çaşıb dəhşətə gələrək ruh gördüklərini zənn etdilər. Amma İsa onlara dedi: “Nə üçün təşvişə düşürsünüz? Neyə görə ürəklərinizə belə fikirlər gəlir?” Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki ruhun Məndə olduğunu gördüyünüz kimi əti və sümüyü olmur”. İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
Onlar hələ sevincdən inanmayıb təəccüblənərkən İsa onlara dedi: “Burada yeməyə bir şey varmı?” Ona bir tikə bişmiş balıq [və bir parça bal pətəyi] verdilər. İsa da yeməyi götürüb onların qabağında yedi. Sonra İsa onlara dedi: “Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: [Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır]. Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehinlərini açdı.
İsa onlara dedi: “Belə yazılmışdır: Məsih iztirab çəkib üçüncü gün ölülərdən dirilməlidir. Yerusəlimdən başlayaraq, bütün millətlərə günahların bağışlanması üçün Onun adı ilə tövbə vəz edilməlidir. Sizlər bu hadisələrin şahidisiniz.

Leave a Reply

Your email address will not be published.