Milad bayramı (gecə)

 

 

 

http://www.scriptureandprophecy.com/wp-content/uploads/2017/12/Christmas-Natvitiy.jpg

Yeş 9, 2-4. 6-7

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət Onun çiyinləri üzərində olacaq, Onun adı ecazkar, məsləhətçi, qüdrətli Allah, əbədi Ata, əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.

Z 96, 1-2a. 2b-3. 11-12a. 12b-13

Nəqarat: Bu gün Xilaskarımız, İsa Məsih doğuldu.

Rəbbə yeni bir ilahi oxuyun, ey bütün dünya, Rəbbə ilahi oxuyun, İsminə alqış edin, Rəbbə ilahi oxuyun.

Xilaskar olduğunu hər gün müjdələyin.

Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!

Göylər sevinsin, yer üzü şad olsun, dənizin və dənizdəki canlıların səsi ucalsın, çöllər və çöldə yaşayanlar fərəhlənsin!

Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda!

O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, yer üzünün hökmünü ədalətlə, xalqların hökmünü həqiqətlə verəcək!

Tit 2, 11-14

Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizi allahsızlığa və dünyəvi istəkləri rədd edib, indiki zamanda ağılla-kamalla, saleh və Allah yoluna uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, Uca Allah və Xilaskarımız İsa Məsihin izzətli zühurunu gözləyək. O, Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan azad etsin və təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq törətsin.

Lk 2, 1-14

O günlərdə qeysər Avqust bütün Roma dünyası üçün siyahıyaalma keçirmək barəsində fərman verdi. Bu ilk siyahıyaalma Kirini Suriyanı idarə edəndə keçirilmişdi. Hamı qeydiyyatdan keçmək üçün öz soy-kökü olan şəhərə yollandı.

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə qeydiyyatdan keçmək üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk oğlunu doğdu və bələdi. Məryəm körpəni axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü.

Mələk onlara dedi: “Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir xəbər gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız”. Qəflətən mələyin yanında Allaha həmd-səna oxuyan çoxsaylı səmavi ordular göründü. Onlar belə deyirdi: “Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!