İsa Məsihin bədəni və qanı bayramı

Image result for body and blood of christ

Çıxış 24, 3-8

Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». 

Z 116, 12-13. 15+16bc. 17-18

Nəqarat: Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.

Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?

Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.

Rəbbin gözündə hər bir möminin ölümü çox bahadır.

Aman, ya Rəbb, mən Sənin qulunam, qulunam, kənizinin oğluyam, buxovlarımı açmısan.

Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.

Rəbbə Onun bütün xalqı qarşısında əhd etdiyim təqdimləri verəcəyəm.

İbr 9, 11-15

Fəqət Məsih indi gələn nemətlərin Baş Kahini olaraq gəldi. Insan əli ilə qurulmamış, yəni bu yaradılışdan olmayan daha böyük və mükəmməl çadırdan keçib, təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs məkana birdəfəlik daxil oldu. Əbədi azadlığı təmin etmişdi. Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək! Buna görə də çağırılmışların vəd edilən əbədi irsi almasi üçün Məsih yeni əhdin Vasitəçisidir. Çünki O, fidyə olaraq ölmüşdü ki, onları birinci əhd zamanı etdikləri təqsirlərdən azad etsin.

Mk 14, 12-16. 22-26

Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: “Sən Pasxa yeməyini harada yemək istəyirsən? Biz gedək, onu hazırlayaq”. İsa da şagirdlərindən ikisini göndərdi və dedi: “Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin. O hansı evə girərsə, oranın sahibinə deyin: Müəllimimiz soruşur: ‘Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?’ Ev sahibi sizə yuxarı mərtəbədə döşənib-hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün”.

Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.

Onlar yemək yeyəndə İsa çörəyi götürdü, şükür edib böldü və şagirdlərinə verərək dedi: “Alın, bu Mənim bədənimdir”. Sonra bir kasa götürdü və şükür etdi. Bunu da şagirdlərinə verdi və hamısı oradan içdi. İsa onlara dedi: “Bu, çoxlu adamlar uğrunda tökülən Mənim qanım, yeni əhdin qanıdır. Sizə doğrusunu deyirəm: Allahın Səltənətində təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan bir daha içməyəcəyəm”.

Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.