11-ci Rəbb günü Adi dövrdə B ili

Yez 17, 22-24 Image result for 11th sunday in ordinary time year b

Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından zərif bir budaq qoparacağam, onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, budaqlarının kölgəsində yuva quracaq. Bütün çöl ağacları biləcək ki, hündür ağacı Mən, Rəbb alçaltdım, alçaq ağacı yüksəltdim, yaşıl ağacı qurutdum, quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”. 

Z 92, 1-2. 12-13. 14-15

Nəqarat: Ya Rəbb, Sənə şükür etmək nə yaxşıdır!

Nə yaxşıdır Rəbbə şükür etmək, ey Haqq-Taala, isminə tərənnüm söyləmək, hər səhər məhəbbətini elan etmək, hər gecə sədaqətini bəyan etmək.

Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.

Onlar Rəbbin evində əkilib, onlar Allahımızın həyətində göyərir.

Qocalanda da bar verəcəklər, təravətli, yamyaşıl qalacaqlar.

Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur».

2 Kor 5, 6-10

Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq. Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq məqsədimiz Rəbbi razı salmaqdır. Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.

Mk 4, 26-34

Sonra İsa dedi: “Allahın Səltənəti torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir”.

Sonra İsa belə dedi: “Allahın Səltənətini nəyə bənzədək? Onu hansı məsəllə göstərək? Allahın Səltənəti xardal toxumuna bənzəyir. Xardal toxumu yer üzündə torpaqda əkilən toxumların ən kiçiyidir. Əkiləndən sonra o böyüyür və bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, səmadakı quşlar onun kölgəsində yuva qura bilər”. İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi. O, məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.