18-ci Rəbb günü Adi dövrdə B ili

Çıxış 16, 2-4. 12-15 Image result for 18th sunday in ordinary time year b

Səhrada bütün İsrail icması Musa ilə Harunun əlindən giley-güzar etdi. İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Çünki siz bizi bu səhraya buna görə gətirdiniz ki, bütün icmanı aclıqdan öldürəsiniz».

Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mən isə onları buyurduğum sözlərə əməl edib-etməməklərini sınayacağam. «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm».

Axşam bildirçinlər uçub bütün düşərgənin yerini örtdülər. Səhər düşərgənin ətrafına şeh düşdü.

Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü. İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir.

Z 78, 3+4b-d. 23-24. 25+54

Nəqarat: Ya Rəbb, göydən çörək bizə ver!

Bunları eşitmişik, bilirik, bizə atalarımız nəql edib, Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri gələcək nəsillərə söyləyəcəyik.

Bununla belə, uca səmaya əmr etdi, göylərin qapılarını açdırdı.

Onlara yemək üçün manna yağdırdı, göylərin taxılını verdi.

İnsan mələklərin çörəyindən yedi, onlara doyunca yemək verildi.

Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.

Ef 4, 17. 20-24

Beləliklə, bunu deyir və Rəbb adına xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin. Siz isə Məsihi elə öyrənməmişsiniz. Əlbəttə, siz İsanın səsini eşitdiniz və ondakı həqiqətə əsasən Onun yolunda təlim aldınız. Bu təlimə görə əvvəlki yaşayışınıza məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyi geyinin.

Yəh 6, 24-35

Beləcə xalq nə İsanın, nə də şagirdlərinin orada olduğunu görməyib qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi. İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.

O onların cavabında dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhrünü vurub».

Onlar İsadan soruşdu: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»

İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».

Onlar İsaya dedi: «Sən nə əlamət göstərərsən ki, biz də görüb Sənə iman edək? Nə iş görəcəksən? Atalarımız çöldə manna yedi; bu barədə yazılmışdır: “Onlara yemək üçün göydən çörək verdi”».

Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. Çünki Allahın çörəyi göydən enən və dünyaya həyat verəndir».

Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».

İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.