26-cı Rəbb günü Adi dövrdə B ili

Siyahıyaalınma 11, 25-29 Risultati immagini per 26th sunday in ordinary time 2018

Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər. Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər. 

Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər». Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi. Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!»

Z 19, 8. 10. 12-13. 14

Nəqarat: Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir.

Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

Bəndən bunlardan nəsihət alar, onlara əməl edənin bol mükafatı var.

Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.

Qulunu aşkar günahlardan qoru, qoyma onların hökmü altında qalım.

Onda kamilliyə çataram, bütün asiliklərdən ayrılaram.

Yaq 5, 1-6

İndi isə, ey varlılar, başınıza gələcək bəlalara görə fəryad edib ağlayın! Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız. Baxın, zəmilərinizi biçən işçilərinizin hiyləgərcəsinə saxladığınız əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb! Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Kəsilmə günündə özünüzü kökəltdiniz! Sizə qarşı müqavimət göstərməyən saleh adamı məhkum edib öldürdünüz.

Mk 9, 38-43. 45. 47-48

Yəhya Ona dedi: “Müəllim, gördük ki, bir nəfər Sənin adınla cin qovur, amma bizim ardımızca gəlmədiyinə görə biz də ona mane olduq”. İsa onlara dedi: “Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin. Buna görə də əleyhimizə olmayan bizim tərəfimizdədir. Sizə doğrusunu deyirəm: Məsihə aid olduğunuz üçün kim sizə [Mənim adımla] bir qab su verərsə, mükafatsız qalmaz.

Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, o adamın boynuna böyük dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın hər iki əlinlə cəhənnəmə, sönməz oda düşməkdən yaxşıdır. Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın hər iki ayağınla cəhənnəmə, [sönməz oda] atılmaqdan yaxşıdır. Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Səltənətinə girməyin hər iki gözlə cəhənnəm oduna atılmaqdan yaxşıdır. Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür.