1-ci Rəbb günü Advent dövründə “C” ili

Yeremya 33, 14-16

Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.

O zaman, o günlər Davud üçün saleh bir pöhrə yetişdirəcəyəm. O, ölkədə ədalət və salehliklə davranacaq. O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.

 

Z 25(24), 4-5, 8-10, 14

Nəqarat: Ya Rəbb, canımı Sənə atıram.

Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət.

Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət.

Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm.

Rəbb xeyirxah və haqdır, ona görə günahkara düz yol göstərir,

Məzlumları haqq yolu ilə aparır, Öz yolunu onlara öyrədir.

Kim Rəbbin əhdinə və öyüdlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.

Rəbb Ondan qorxanlara sirrini açar, onlara Öz əhdini öyrədər.

Saloniklilərə birinci məktubu 3, 12- 4, 2

Və bizim sizə məhəbbətimiz olduğu kimi, Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi qoy çoxaldıb artırsın ki, ürəklərinizi möhkəmləndirsin; beləcə, Rəbbimiz İsa Məsihin bütün müqəddəsləri ilə bərabər gəlişində qüdsiyyətdə qüsursuz olasınız. Amin.

Nəhayət, qardaşlar, Rəbb İsa naminə sizdən rica edir və yalvarırıq ki, necə hərəkət etmək və Allahı razı salmaq lazım gəldiyinə dair bizdən təlimat aldığınız kimi və indi də etdiyinizə uyğun olaraq, bu yolda getdikcə daha çox tərəqqi ediniz. Çünki Rəbb İsanın səlahiyyəti ilə sizə hansı təlimatları verdiyimizi bilirsiniz.

Lukanın müjdəsi 21, 25-28. 34-36

Günəşdə, ayda və ulduzdarda əlamətlər olacaqdır, dənizin və dalğaların gurultusundan dolayı çaşqınlıq içində olan xalqlar yer üzündə iztirab çəkəcəklər. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcəklər, çünki göy cisimləri sarsılacaq. Və o zaman onlar İnsan Oğlunun bulud içində böyük qüdrət və izzətlə gəldiyini görəcəklər. Bu işlər yerinə yetməyə başladıqda yuxarı baxın və başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır.» Amma diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir; Buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və ayıq olun.»