2-ci Rəbb günü Advent dövründə “C” ili

Peyğəmbər Baruxun kitabından sözlər (Barux 5,1-9) 

Ey Yerusəlim! Öz kədər və kin libasını əynindən çıxart, Allahdan olan gözəllik izzətini əbədi olaraq geyin. Allahdan olan salehlik libasına bürün, Əbədi Olanın izzət tacını başına qoy. Çünki Allah səma altında olan hər kəsə sənin parlaqlığını göstərəcək. Allahın əbədi olaraq sənə verdiyi ad belə olacaq: «Salehlikdən gələn sülh və möminliyin izzəti».

Qalx, Yerusəlim, hündür yerdə dayanaraq üzünü şərqə tərəf tutub, Müqəddəs Olanın sözü ilə qərbdən şərqə qədər hər tərəfdən toplanmış övladlarına bax, Allahın onları yada saldığına sevinirlər. Onlar sənin içindən piyada, düşmənləri tərəfindən təqib olunaraq çıxdılar, amma Allah onları sənin içinə Padşah taxtında izzətlə gətirəcək.
İsrailin möhkəm addımla, Allahın izzəti ilə irəliləməsindən ötrü Allah hər uca dağın və əbədi təpənin alçalmasını əmr etdi, Yer üzünün eyni səviyyədə olması üçün vadilərin doldurulmasını, meşənin və hər xoş ətirli ağacın Allahın əmri ilə İsrailin üzərinə kölgə salmasını buyurdu. Allah Özündən olan mərhəmət və salehliklə sevinc içində, Öz izzətinin işığı ilə İsrailin önündə gedəcək.

Z 126 , 1-6

Nəqarat: Rəbb bizim üçün böyük işlər gördüyünə görə sevinirik.

Rəbb Siona bəxtəvər günlərini qaytaranda bizə röya kimi gəldi.

Dodaqlarımızdan gülüş tökülürdü, dilimizdən sevinc harayı yüksəlirdi.

Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».

Bunun üçün sevinirik, çünki Rəbb bizim üçün böyük işlər görüb.

Selləri Negevə qaytardığın kimi Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

Qoy göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçsinlər.

Ağlaya-ağlaya toxum daşıyıb əkən

sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

Filipililərə məktubu 1, 4-11

Hamınız üçün hər duamda daim sevinclə niyaz edirəm, çünki ilk gündən indiyədək, Müjdəni yaymaqda iştirak etdiniz. Əminəm ki, sizdə yaxşı işə başlamış olan Allah, Məsih İsanın gününə kimi bunu bitirəcəkdir. Əslində mən hamınız haqqında belə fikirdə olsam bu doğrudur, çünki siz mənim ürəyimdəsiniz; həbsdə də olsam, Müjdəni müdafiə və təsdiq də etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz. Allah şahidimdir ki, mən, İsa Məsihin sevgisi ilə hamınızın həsrətini çəkirəm. Və dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın ki, siz Məsihin günündə pak və nöqsansız olmaq üçün ən üstün dəyərləri ayırd edə biləsiniz. Və Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolasınız.

Lukanın müjdəsi 3, 1-6

Qeysər Tiberiusun hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudeya valisi, Hirod Qalileya tetrarxı, onun qardaşı Filip İtureya və Traxonitis vilayətinin tetrarxı, Lisanya Abileniya tetrarxı, Hanan ilə Qayafa baş kahin olduqları zaman, səhrada Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı gəldi.

Və o, İordan çayının ətrafındakı bütün ölkəni dolaşaraq günahların bağışlanması üçün tövbə edib vəftiz olsunlar deyə insanları təbliğ edirdi.

Necə ki, Yeşaya peyğəmbərin sözlərinin kitabında yazılmışdır: «Səhrada birinin səsi nida edir: Rəbbin yolunu hazırlayın! Onun yollarını düz edin! Hər dərə doldurulacaq, hər dağ və təpə alçalacaqdır; əyriliklər düzələcək, kələ-kötür yollar hamar olacaqdır; və bütün bəşər Allahın xilasını görəcəkdir.»