3-cü Rəbb günü Advent dövründə “C”ili

Sef 3, 14-18a

Ey Sion qızı, tərənnüm elə, ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən! Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, artıq pislikdən qorxmayacaqsan! O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin! Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir!

O sənin üçün sevinib şadlanacaq, səni məhəbbəti ilə yeniləşdirəcək, sənin üçün tərənnümlə coşacaq! Bayram gününü qeyd edən kimi Mən sənin üzərindən bəlaları götürəcəyəm ki, onlara görə xəcalətli olmayasan.

Yeş 12, 2-3. 4b-d. 5-6

Nəqarat: Səsimizi ucaldaq, sevinclə çığıraq, çünki Müqəddəs Allah aramızdadır.

Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz.

Rəbbə şükür edin, Onun adını çağırın, xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin.

Rəbbi tərənnüm edin, çünki O, möhtəşəm işlər gördü, qoy bütün dünya bunu bilsin!

Ey Sion sakinləri, səsinizi ucaldın, sevinclə çığırın, çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür.

Flp 4, 4-7

Rəbbə məxsus olduğunuz üçün həmişə sevinin! Bir də deyirəm: sevinin! Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.

Lk 3, 10-18

Camaat Yəhyadan soruşurdu: “Bəs biz nə edək?” Yəhya onlara belə cavab verdi: “İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün”. Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdu: “Müəllim, biz nə edək?” Yəhya onlara dedi: “Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın”. Əsgərlərin bəzisi də gəlib ondan soruşdu: “Bəs biz nə etməliyik?” Yəhya da onlara cavab verdi: “Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin”.

Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: “Görəsən bu, Məsihdirmi?”

Yəhya onların hamısına belə cavab verdi: “Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq”.

Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi.