4-cü Rəbb günü Advent dövründə “C”ili

Mikeya 5, 2-5

Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir».

Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qohumları qayıdacaq. Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə duracaq, Rəbbin gücü ilə sürüsünü otaracaq, bütün yer üzü onun böyüklüyünü bildiyi üçün. Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.

Z 80, 1-2. 14-15. 17-18

Nəqarat: Ey Allah, bizi yəniləşdir, Üzündən nur saçıb bizi qurtar!

Ey İsrailin Çobanı, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!

Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!

Ey Ordular Allahı, dön, göydən bax, bu tənəyi gör, qayğısına qal.

Axı bu fidanı sağ əlinlə əkmisən, kökünə qüvvət vermisən.

Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun. Qoy Səndən dönüb ayrılmayaq, bizi elə yaşat ki, ismini çağıraq.

Ibranilərə məktubu 10, 5-10

Məsih, dünyaya girəndə deyir: «Qurban və sovqat istəmədin, amma Mənə bədən hazırladın. Bütöv şəkildə yaxılan heyvanlara və günah üçün gətirilən qurbanlara Sən razı olmadın. O zaman mən dedim: «Budur, mən gəldim ki, ey Allah, Sənin iradəni yerinə yetirim. Kitabın tumarında mənim barəmdə belə yazılmışdır.» Qabaqca dedi ki: «Qurbanları və sovqatları, bütöv şəkildə yaxılan heyvanları və günah üçün gətirilən qurbanları istəmədin və bunlara razı olmadın.» Halbuki bunlar, Müqəddəs Qanuna uyğun olaraq təqdim edilir. Sonra dedi: «Budur, Mən gəldim ki, /ey Allah,/ Sənin iradəni yerinə yetirim.» Yəni, Məsih ikincini qüvvəyə mindirmək üçün birincini ləğv edir. Bu iradəyə görə biz, İsa Məsih bədənini birdəfəlik qurban gətirdiyi üçün təqdis edildik.

Lukanın müjdəsi 1, 39-45

O günlərdə Məryəm qalxıb, tələsik, dağlıqda yerləşən bir Yəhuda şəhərinə getdi. Zəkəriyyənin evinə girib Elizavetə salam verdi. Elizavet Məryəmin salamını eşitdikdə uşaq onun bətnində dingildədi və Elizavet Müqəddəs Ruhla doldu.

Yüksək səslə qışqırıb dedi: «Sən qadınların bəxtiyarısan, sənin bətninin səmərəsi də bəxtiyardır!

Bu mənə haradan oldu ki, Rəbbimin anası yanıma gəldi? Çünki sənin salamının səsi mənim qulağıma çatdıqda, uşaq bətnimdə sevinclə dingildədi. İman gətirən qadın bəxtiyardır, çünki Rəbbin ona söylədikləri baş verəcəkdir.»