Müqəddəs Ailənin Bayramı “C”ili

 

Sirax kitabından sözlər (Sirax 3, 2-6. 12-14)

Rəbb övladlar üzərində ataya şərəf vermişdir, oğullar üzərində anaya haqq vermişdir. Atasına ehtiram göstərən kəsin günahları bağışlanır. Anasına hörmət edən kəs sərvət əldə edən adam kimidir. Atasına ehtiram göstərən öz uşaqlarından sevinc tapacaq. Dua etdiyi gün yalvarışı eşidiləcək. Atasına hörmət edənin ömrü uzun olar, anasına rahatlıq verən Rəbbə itaət etmiş olur.

Övladım, atan qocalanda ona kömək ol, ömrü boyu onu kədərləndirmə. Əgər valideynin ağlı zəifləyirsə, ona iltifat göstər, özün tam sağlam ikən ona həqarətlə yanaşma. Çünki ataya göstərilən mehribanlıq unudulmaz, günahların nəticəsində dağılan həyatın bərpa olar.

Zəbur 128, 1-5

Nəqarat: Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

Çünki öz əlinin bəhrəsini yeyəcəksən, xoşbəxt olub uğur qazanacaqsan.

Evində arvadın tənək kimi bar gətirəcək,

övladların zeytun pöhrələri kimi süfrənin ətrafını bürüyəcək.

Rəbdən qorxan insan belə xeyir-dua alacaq:

Rəbb Siondan sənə xeyir-dua versin, ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən.

Koloslulara məktubu 3, 12-21

Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin. Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlayın. Məsih sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin. Məsihin sülhü qoy ürəklərinizdə hakim olsun. Bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Və şükür edənlər olun!

Qoy Məsihin kəlamı bütün zənginliyi ilə içinizdə yaşasın. Məzmurlarla, ruhani nəğmələr və mahnılarla bir-birinizə tam hikmətlə təlim və nəsihət verin; ürəklərinizdə Rəbbə minnətlə nəğmə oxuyun. Sözdə və əməldə nə etsəniz, hər şeyi Rəbb İsanın naminə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.

Ey qadınlar, Rəbbə aid olanlara layiq olduğu kimi, ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. Ey uşaqlar, hər vəchlə valideynlərinizə itaət edin; çünki bu, Rəbbə məqbuldur.

Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar.

Lukanın müjdəsi 2, 41-52

Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar. Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi. Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı. Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq». İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Amma onlar Onun nə demək istədiyini başa düşmədilər. Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı. İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.