Pentikost Bayramı C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 2, 1-11)

Əllinci gün, (pentikost= Pasxa bayramından sonra əllinci gün qeyd edilir), bayram zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruh danışdırdığı üçün başqa dillərdə danışmağa başladılar. Bu vaxt səma altında mövcud olan bütün xalqlar arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə mat qaldı. Heyrət və təəccüb içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kapadokiyada, Pontusda və Asiya vilayətində, Friqiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».

Z 104, 1ab+24ac. 29b-30. 31+34

Nəqarat: Ya Rəbb, Ruhunu göndərib Yer üzünə yeni həyat verirsən.

Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən.

Ya Rəbb, əməllərin çoxdur! Yaratdıqların yer üzünü doldurub.

Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar, Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.

Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun! Düşüncəm Ona xoş görünsün, mən Rəbbə görə sevinəcəyəm.

Müq. Pavelin Korinflilərə 1-ci Məktubundan sözlər (1Kor 12; 3b-7. 12-13)

Qardaşlar və bacılar, heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Fəqət Ruh hər kəsə xeyri üçün aşkar olunur. Bədən birdir və üzvləri çoxdur. Bədən üzvlərin çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.

Müq. Yəhya tərəfindən yazılan İncil kitabından sözlər (Yəh 20, 19-23)

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Salam!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Salam! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».