Müqəddəs Üçlük Bayramı C ili

Süleymanın Məsəlləri Kitabından Sözlər (Süleyman Kit 8, 22-31)

Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə bir dairə çəkəndə, buludları yuxarıda yerləşdirəndə, dərinlikdə bulaqları bağlayanda, sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim. Yaratdığı aləmə görə sevinirdim, bəşər övladlarına görə fərəhlənirdim.

Z 8, 4-9

Nəqarat: Ey Rəbbimiz, bütün dünyada adın nə qədər ucadır!

Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:

«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun, əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:

Bütün sürü və naxırları, çöldə yaşayan heyvanları,

göydəki quşları, dənizdəki balıqları, dəryalarda üzənlərin hamısını.

Müqəddəs Pavelin Romalılara məktubundan sözlər (Rom 5, 1-5)

Beləliklə, imana əsasən saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.

Müq. Yəhya tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Yəh 16, 13-15)

İsa həvarilərinə dedi: “Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – Həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi özbaşına söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənə məxsus olandan götürəcək və sizə bildirəcək. Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənə məxsus olandan götürəcək və sizə bildirəcək” söylədim.”