EVXARİSTİYA BAYRAMI

Yaradılış kitabından sözlər (Yaradılış 14, 18-20)

Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

Məzmur (110 (109) 1-4)

Nəqarat: Rəbbimiz İsa, sən indi və əbədiyyən Xilaskarımızsan.

Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur».

Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.

Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.

Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».

Müqəddəs Pavelin Korinflilərə 1-ci məktubundan sözlər (1Kor 11, 23-26)

Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

İlahi

Budur, mələklərin çörəyi! O yoldakı insanların çörəyidir. Allahın övladlarının gerçək çörəyidir. O qurban edilən İshaqla, qurban edilən Pasxa quzusu ilə çöldəki “Manna”ilə əvvəlcədən təyin edilmişdir.

Ey yaxşı Çoban, gerçək çörəyimiz, ey İsa Məsih bizi qoru.

Həyat ölkəsində bizi sonsuz xoşbəxtliyə qovuşdur.

Sən ki, hər şeyi bilirsən və hər şey edə bilərsən ki, yer üzündə bizi bəsləyirsən,

göylərdəki ziyarətə bizi götür və müqəddəslərin yanında bizə mirasını ver.

Amin.

Müqəddəs Luka tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Lk 9, 11-17)

Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı. Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». Şagirdlər də eləcə edib hamını oturtdular. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı.