13-cü Rəbb günü Adi dövrdə C ili

1 Padşahlar 19, 16b. 19-21

Rəbb İlyasa dedi: Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı.

Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?» Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.

Z 16, 1-2a+5. 7-8. 9-10. 11

Nəqarat: Ya Rəbb, Səndən başqa mənim xoşbəxtliyim yoxdur.

Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm. Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, püşkümə düşən Səndən asılıdır.

Mənə nəsihət verən Rəbbə alqış edirəm, hətta gecələr də vicdanım mənə ağıl öyrədir. Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram.

Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, cismim əmin-amanlıqda yaşayır. Çünki məni ölülər diyarına atmazsan, mömin insanını qəbrə salmazsan.

Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var.

Qalatiyalılara 5, 1. 13-18

Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də Məsihin bizə verdiyi azadlıqda möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın. Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Ancaq bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, amma bir-birinizə məhəbbətlə xidmət edin. Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». Lakin əgər siz bir-birinizi dişləyib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz. Mən bunu deyirəm: Müqəddəs Ruha görə hərəkət edin, o zaman siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz. Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı dururlar ki, siz istədiyinizi edə bilməyəsiniz. Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanunun tabeçiliyi altında deyilsiniz.

Luka 9, 51-62

Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. İsa qabağınca elçilər göndərdi. Onlar Onun gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. Onun şagirdlərindən Yaqubla Yəhya bunu görüb dedilər: “Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmamızı istəyirsənmi?” Amma İsa dönüb onları məzəmmətlədi. Sonra onlar başqa bir kəndə yollandılar.

Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: “Sən hara getsən, Sənin ardınca gedəcəyəm”. İsa ona dedi: “Tülkülərin də yuvası, göydəki quşların da yuvası var, amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur”. Bir başqasına İsa dedi: “Ardımca gəl”. O isə dedi: “Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim atamı dəfn edim”. Amma İsa ona belə dedi: “Qoy ölülər öz ölülərini dəfn etsin. Sən isə get, Allahın Səltənətini bəyan et”. Yenə başqa bir adam dedi: “Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım”. Lakin İsa ona dedi: “Kotanı tutub geriyə baxan Allahın Səltənətinə layiq deyil”.