14-cü Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 10-14

Yerusəlimlə birgə sevinin, ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, onunla birgə coşun, fərəhlənin! Siz ananız Yerusəlimin döşlərini əmib, təsəlli tapacaqsınız, doyacaqsınız, onun bol nemətlərindən dadıb zövq alacaqsınız. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, millətlərin sərvətini daşqın sel kimi ona sarı axıdacağam.

Siz ondan bəslənəcəksiniz, qucağında daşınacaqsınız, dizlərində oxşanacaqsınız. Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız. Bunları görüb ürəyiniz sevinəcək; bədənləriniz yaşıl ot kimi qüvvələnəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, qəzəbi isə düşmənlərinin üstündədir.

Z 66, 1-3a. 4-5. 6-7a. 16+20

Nəqarat: Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin.

Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin, şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!

Siz Allaha belə deyin: «əməllərin nə qədər zəhmlidir!

Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir.

Gəlin, Allahın işlərini, bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.

Dənizi quruya çevirdi, çayın sularını saxlayıb xalqını piyada keçirtdi.

Biz Allaha görə sevinək! Qüdrəti ilə əbədi səltənət sürər.

Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.

Alqış olsun Allaha! Duamı rədd etmədi, məndən məhəbbətini əsirgəmədi!

Qalatiyalılara 6, 14-18

Mən isə Rəbbimiz Isa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. O çarmıx vasitəsilə dünya mənim üçün ölüdür, mən də dünya üçün ölüyəm. Çünki Məsih İsaya məxsus olanlar üçün nə sünnətlilik, nə də sünnətsizlik, yalnız yeni xilqət əhəmiyyət kəsb edir. Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə və Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram. Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuzla birlikdə olsun. Amin.

Luka 10, 1-12. 17-20

Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. Onlara dedi: “Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsul Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə, nə torba nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda, o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyin və için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hansı bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza nə qoyublarsa, onu yeyin. Orada olan xəstələri sağaldın və onlara deyin: “Allahın Səltənəti sizə yaxınlaşıb”. Amma hansı bir kəndə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: “Şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, sizin üçün çırpırıq. Amma bunu bilin ki, Allahın Səltənəti sizə yaxınlaşıb”. Sizə bunu deyirəm: qiyamət günü o şəhərin halı Sodomdan betər olacaq.

Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: “Ya Rəbb, Sənin adınla cinlər də bizə tabe olur!” İsa onlara belə cavab verdi: “Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. Baxın, Mən sizə səlahiyyəti vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb”.