15-ci Rəbb günü Adi dövrdə C ili

 

Qanunun Təkrarı 30, 10-14

Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil.

Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?” O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”

Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.

Z 69, 13+17. 29-30. 32-33. 35ab+36

Nəqarat: Ey məzlumlar, Rəbbi axtarın və ürəyiniz diriləcək.

Mən isə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman bol məhəbbətinə görə mənə cavab ver, çünki qurtuluşuna etibar etmişəm. Ya Rəbb, mənə cavab ver, çünki məhəbbətin yaxşıdır, bol məhəbbətinə görə mənə cavab ver.

Mən məzlumam, dərdliyəm, ey Allah, Sənin qurtuluşun məni ucaltsın.

Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.

Bunu görən məzlumlar qoy sevinsin, ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.

Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.

Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Ora qullarının övladlarına irs olaraq qalacaq, Allahın ismini sevənlər orada sakin olacaq!


Kol 1, 15-20

Görünməz Allahın surəti və bütün yaradılış üzərində İlk Doğulan Odur. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilən ilk doğulan Odur. Çünki Allah Onda bütün tamlığı ilə yaşamağa

və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

Lk 10, 25-37

Bir qanunşünas İsanı sınamaq məqsədi ilə durub dedi: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?” İsa ondan soruşdu: “Qanunda nə yazılıb? Orada nə oxuyursan?” Bu adam İsaya belə cavab verdi: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün ağlınla sev. Qonşunu da özün kimi sev”. İsa ona dedi: “Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan”. Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: “Bəs mənim qonşum kimdir?”

İsa belə cavab verdi: “Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub yaraladılar və yarımcan halda qoyub getdilər. Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. O yoldan bir Samariyalı keçib gedirdi. O isə bu adamı görəndə ona yazığı gəldi. Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib, mehmanxanaya gətirdi və ona qayğı göstərdi. Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: Ona yaxşı bax. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm.

Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?”

Qanunşünas cavab verdi: “Ona mərhəmət göstərən”. İsa da ona dedi: “Get, sən də elə et”.