16-cı Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 1-10a 

Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz».

Onlar dedilər: «Dediyin kimi elə». İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir». İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu.

Onlar da yedilər. Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq».

 

Z 15, 2-3a. 3b-4b. 5

Nəqarat:  Ya Rəbb, Sənin müqəddəs çadırında kim qala bilər?

 

Kamillik yolu ilə gedən, əməlisaleh olan, ürəkdən həqiqəti söyləyən, dilinə böhtan gəlməyən.

 

Dostuna yamanlıq etməyən, qonşusunu təhqir etməyən, şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən.

 

Sələmlə pul verməyən, təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.

Əsla sarsılmaz belə həyat sürən insan!

 

Koloselilərə 1, 24-28

Indi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanlarını canıma cəfa verərək tamamlayıram. Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, yəni keçmiş əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik.

 

Luka 10, 38-42

İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. Marta isə işin çoxluğundan çaşıb qalmışdı. O, İsaya yaxınlaşıb dedi: “Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin”. Rəbb isə ona belə cavab verdi: “Marta, Marta, sən çox şeydən narahat olub təlaşa düşürsən. Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq”.