17-ci Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 20-32

Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».

O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu.

İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz».

Rəbb dedi: «əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm».

İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?»

Rəbb dedi: «əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam».

İbrahim yenə Onu dilə tutub dedi: «əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm».

İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm». İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm».

Z 138, 1-2a. 2bc+3. 6-7b. 7c-8

Nəqarat: Ya Rəbb, Səni çağıranda mənə cavab ver!

Bütün qəlbimlə Sənə şükür edirəm, mələklərin önündə Səni tərənnüm edirəm.

Müqəddəs məbədinə tərəf səcdə edirəm.

Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan. Səni çağıranda mənə cavab vermisən, canıma taqət verib məni ürəkləndirmisən.

Rəbbin ehtişamı böyükdür.

Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, amma lovğaları uzaqdan tanıyar. Sıxıntı içində gəzsəm də, mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan.

Məni sağ əlinlə qurtarırsan. Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!

Kol 2, 12-14

Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə bizim əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.

Lk 11, 1-13

İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: “Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət”. İsa onlara dedi: “Dua edəndə belə deyin: Ey səmavi Atamız, Adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. Hər gün bizə gündəlik çörəyimizi ver. Günahlarımızı bağışla, çünki biz də bizə borclu olan hər adamı bağışlayırıq. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et”.

Sonra İsa onlara dedi: “Məsələn, sizdən birinizin dostu var. Siz də gecəyarı yanına gedib deyərsiniz: Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur. O da içəridən belə cavab verər: Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm. Sizə deyim ki, həmin adamla o, dost olduğuna görə vermək istəməsə də, onun təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa ona verəcək. Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.

Çünki hər diləyən alar, axtaran tapar, qapını döyənə isə qapı açılar. Aranızdan hansı ata çörək istəyən oğluna daş verər, balıq istəsə, ona balıq yerinə ilan verər? Yaxud yumurta istəsə, ona əqrəb verər? Beləliklə, əgər siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!”