18-ci Rəbb günü Adi dövrdə C ili

Vaiz 1, 2, 2, 21-23

Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur! Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.

İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.

Z 90, 3-4. 5-6. 12-13. 14+17

Nəqarat: Ey Xudavənd, bütün nəsillərdən bəri bizə pənah yeri olmusan.

İnsanları torpağa çevirirsən. Deyirsən: «Qoy bəşər övladları toza dönsün».

Sənin gözündə min il ötən bir günə, bir gecə növbəsinə bənzər.

İnsanları silirsən, çəkilirlər, elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, səhər boy atar, çiçək açar, axşamsa solar, quruyar.

Bizə öyrət nə qədər ömrümüz var, qoy qəlbimiz hikmətli olsun.

Bizə əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.

Səhər-səhər bizə doyunca məhəbbət göstər, qoy ömrümüz boyu sevinib fərəhlənək.

Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, əllərimizin zəhmətini uğurlu et, bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

Koloslulara 3, 1-5. 9-11

Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bir-birinizə yalan danışmayın, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyi geyindiniz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. Bu təzələnməkdə Yunan və Yəhudi, sünnətli və sünnətsiz, yadelli, Skif, qul və azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.

Luka 12, 13-21

İzdihamdan bir nəfər İsaya dedi: “Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün”.

İsa ona belə cavab verdi: “Ay insan, Məni kim üzərinizə hakim ya darğa qoyub?” Sonra İsa onlara dedi: “Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-dövlətinin bolluğundan asılı deyil”. İsa onlara bu məsəli danışdı: “Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşündü: Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim? Sonra dedi: Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə. Amma Allah ona dedi: Ey axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq? Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı elə olacaq”.