19-cu Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik 18, 6-9)

Xilas gecəsi, atalarımıza əvvəlcədən bildirilmişdi. Beləcə, hansı vədlərə güvəndiklərini bilərək, qürur duyub, sevinəcəkdilər. Uca Tanrı, sənin millətin həm yaxşı insanların xilas olunmasını, həm də düşmənlərin aradan götürülməsini gözləyirdi. Bir tərəfdən düşmənlərimizi cəzalandıraraq bizləri öz yanına çağırıb ucaltdın. Dürüst insanların imanlı övladları, evlərində gizlicə qurban kəsdilər və birlikdə bu müqəddəs əhdə çatdılar: bütün düzgün insanlar həm yaxşılıqları, həm də çətinlikləri bölüşəcəkdilər. Həmin an, atalarının şükür ilahilərini oxumağa başladılar.

Z 33, 1+12. 18-19. 20+22

Nəqarat: Nə bəxtiyardır o millət ki, Rəbb onu irs olaraq seçmişdir.

Ey salehlər, Rəbbi mədh edin, ürəyidüz olanlara həmd söyləmək yaraşır.

Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, o xalq ki Rəbb onu irs olaraq seçmişdir.

Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.

İstəyir ki, onları ölümdən qurtarsın, qıtlıqda belə, onlar sağ qalsın.

Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.

Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, məhəbbətin üzərimizdən tükənməsin.

İbr 11, 1-2. 8-19

İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar. İman vasitəsilə İbrahim çağırılanda itaətkar olub irs alacağı yerə getdi. O hara getdiyini bilməyərək yola çıxdı. İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O, eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. Çünki İbrahim memari və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. İman vasitəsilə Sara özü sonsuz və yaşı ötmüş olduğu halda nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. Buna görə də bir kişidən, hələ üstəlik ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törəndi. Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma onları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını təsdiq etdilər. Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır. İman vasitəsilə İbrahim sınağa çəkildiyi vaxt İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.

Lk 12, 32-48

Qorxma, ey kiçik sürü! Çünki Atanız Səltənəti sizə verməyi münasib gördü. Varınızı satın və nəzir-niyaz paylayın. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”. “Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm, o özü qurşaqlanıb qullarını süfrəyə otuzduracaq və gəlib onlara xidmət edəcək. Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, bu qullar necə də bəxtiyardır! Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı vaxt gələcəyini bilsəydi, o, evin yarılmasını qoymazdı. Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxtda gələcək”.

Peter dedi: “Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?” Rəbb cavab verdi: “Ağasının nökərlərinə vaxtında yemək versin deyə onların üzərində qoyduğu sadiq və ehtiyatlı eşikağası kimdir? Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! Sizə həqiqəti deyirəm, ağası bu qula bütün var-dövləti üstündə idarəçiliyi tapşıracaq. Amma əgər o qul ürəyində „ağam gec gələcək“ deyib başqa nökər və qaravaşları döyməyə, yeyib-içməyə və sərxoşluğa uymağa başlayarsa, o qulun ağası onun gözləmədiyi gündə və ağlına gəlmədiyi vaxtda gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə eyni aqibətə uğradacaq. Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul isə çox döyüləcək. Amma bilməyib o cəzaya layiq iş görən az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.