20-ci Rəbb günü Adi dövrdə C ili

Yer 38, 4-6. 8-10

Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın keşikçilər həyətində olan quyusuna atdı.

Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı. Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».

Z 40, 1-2a. 2b-d. 3. 17

Nəqarat: Ya Rəbb, dadıma tez çat!

Rəbbi səbr edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi.

O məni çamırlı quyudan, lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, hər addımımı möhkəm etdi.

Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, qorxub Rəbbə güvənəcək.

Budur, bir məzlum, bir fəqirəm, lakin Xudavənd qayğıma qalır.

Köməyim, xilaskarım Sənsən, ey Allahım, ləngimə!

İbr 12, 1-4

Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatəyə alındığımız üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya gözümüzü dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.

Lk 12, 49-53

Mən dünyaya od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb yanaydı! Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetənədək necə də təzyiq altında olmalıyam! Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq, üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. Çünki ata oğluna qarşı, oğul atasına qarşı, ana qızına qarşı, qız anasına qarşı, qayınana gəlininə qarşı, gəlin də qayınanasına qarşı çıxacaq”.