21-ci Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 18-21

Rəbb bəyan edir: Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.

İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini nə cür gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə təqdim edəcək. Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm.

Z 117, 1. 2

Nəqarat: Bütün dünyaya gedib Xoş xəbər yayın!

Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!

Bizə qarşı məhəbbəti böyükdür, Rəbbin sədaqəti əbədidir! Rəbbə həmd edin!

İbr 12, 5-7. 11-13

Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər». Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Belə bir oğul var ki, atası onu tərbiyələndirməsin? Hər tərbiyə isə, indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə şəfa tapsın.

Lk 13, 22-30

İsa şəhər və kəndləri keçərək təlim verib, Yerusəlimə tərəf gedirdi. Bir nəfər Ondan soruşdu: “Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?” İsa onlara belə cavab verdi: “Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: „Ya Rəbb, bizə qapını aç!“ O isə cavabında sizə deyəcək: „Mən sizin haradan gəldiyinizi bilmirəm!“ Siz o vaxt belə deyəcəksiniz: „Biz Sənin qabağında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin.“ O isə sizə deyəcək: „Ey pislik edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!“ İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Səltənətində, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. Sonra adamlar qərbdən, şərqdən, şimaldan, cənubdan gələcək və Allahın Səltənətində yemək yeyəcək. Budur, sonuncuların bəzisi birinci olacaq, birincilərin bəzisi isə sonuncu olacaq”.