23-cü Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik Kit 9, 13-18)

Kim Allahın düşüncələrini kəşf edə bilər? Kim Rəbbin istəklərini anlaya bilər? İnsanların düşüncələri qısa və qərarsızdır. Torpaqdan yaranan və çürüməyə məhkum olan bədənimiz min bir fikirlə dolu ruhumuza ağırlıq verir. Dünyadakı hadisələri başa düşməkdə çətinlik çəkirik və bizə yaxın olanları belə çətinliklə başa düşürük. Göylərdə nə olduğunu necə başa düşə bilərsiniz?

Sən, Rəbbim hikmətini bizə verməsəydin və Müqəddəs Ruhunu göylərdən göndərməsəydin, kim sənin düşüncələrini başa düşə bilərdi? Yalnız Sənin Hikmətin sayəsində, dünyada olanların yolları düzəlmiş və insanlar sənin xoşladığın gerçəkləri öyrənib qurtulublar.

Z 90, 3-4. 5-6. 12-13. 14+17

Nəqarat: Ey Xudavənd, bütün nəsillərdən bəri bizə pənah yeri olmusan.

İnsanları torpağa çevirirsən, deyirsən: «Qoy bəşər övladları toza dönsün».

Sənin gözündə min il ötən bir günə, bir gecə növbəsinə bənzər.

İnsanları silirsən, çəkilirlər, elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, səhər boy atar, çiçək açar, axşamsa solar, quruyar.

Bizə öyrət nə qədər ömrümüz var, qoy qəlbimiz hikmətli olsun.

Bizə əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.

Səhər-səhər bizə doyunca məhəbbət göstər, qoy ömrümüz boyu sevinib fərəhlənək.

Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, əllərimizin zəhmətini uğurlu et, bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

Flm 9b-10. 12-17

İndi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarır. Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm. Sən də onu, can-ciyərimi qəbul et. Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istədim. Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun. Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O xüsusilə mənim üçün çox sevimlidir. Lakin həm bir insan, həm də Rəbbə aid biri olaraq sənin üçün daha da çox sevimli qardaşdır. İndi əgər mənim kimi özünə ortaq sayırsansa, onu da məni kimi qəbul et.

Lk 14, 25-33

İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: “Kim Mənim yanıma gəlib öz ata-anasına, arvad-uşaqlarına, qardaş və bacılarına, hətta öz həyatına belə, nifrət etməsə, Mənim şagirdim ola bilməz. Kim öz çarmıxını daşımayıb Mənim ardımca gəlsə, Mənim şagirdim ola bilməz. Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamazmı ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu lağa qoyub deyəcəklər: „Bu adam tikintiyə başlayıb qurtara bilmədi“. Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmasını əvvəlcə oturub götür-qoy eləmirmi? Əgər padşah buna qadir deyilsə, o biri padşah hələ uzaqda olarkən elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. Eyni tərzdə sizdən heç biriniz bütün var-dövlətindən əl çəkməsə, Mənim şagirdim ola bilməz.